Yerli və xarici media nümayəndələrinin birinci Avropa Oyunlarının Atletlər kəndinə sonuncu turu təşkil olunub

İyunun 10-da yerli və xarici media nümayəndələri birinci Avropa Oyunlarının Atletlər kəndində yaradılan şəraitlə tanış olublar.

Media nümayəndələrinə Atletlər kəndi barədə məlumat verilib. Bildirilib ki, birinci Avropa Oyunlarının keçirilməsi zamanı istifadə olunacaq Atletlər kəndi 383 min kvadratmetr sahəni əhatə edir. Atletlər kəndi Oyunların keçiriləcəyi əsas idman komplekslərinə – Bakı Olimpiya Stadionuna, Milli Gimnastika Arenasına və Heydər

Əliyev Beynəlxalq Aeroportuna yaxın olmaqla yanaşı, şəhərin müxtəlif istiqamətlərinə nəqliyyatın gediş-gəlişinin rahat olduğu ərazidə yerləşir.

Atletlər kəndinin həyətində ilk Avropa Oyunlarının iştirakçısı olan bütün ölkələrin bayraqları dalğalanır.

Jurnalistlər Oyunlar zamanı atletlərin qalacaqları mənzillərdə, idman zallarında, həmçinin yeməkxanada, inzibati binada və digər məkanlarda yaradılan şəraitlə tanış olublar.

On üç yaşayış binasından, yardımçı binalardan ibarət Atletlər kəndində iki, üç və dördotaqlı 1042 mənzil var. Burada, ümumilikdə, 7500 atlet və rəsmi şəxsin qalması üçün hər cür şərait yaradılıb. İdmançıların və komanda rəsmilərinin təhlükəsizliyi üçün bütün tədbirlər görülüb. Hər binanın birinci mərtəbəsində ümumi istirahət yerləri mövcuddur. Burada internetə pulsuz çıxış imkanı var. Oyunlar zamanı atletləri və qonaqları idman arenalarına vaxtında çatdırmaq üçün böyük avtobus dayanacağı inşa edilib.

Yeməkxanada idmançılara müxtəlif ölkələrin, əsasən dünya mətbəxi təklif olunur. Burada eyni vaxtda 2 mindən çox atletə yüksək səviyyədə xidmət göstərmək mümkündür. “Best of Azerbaijan” adlanan yeməkxanada isə yalnız Azərbaycanın zəngin mətbəxinə aid təamlar təklif olunur və bu xidmətdən eyni vaxtda 450 idmançı istifadə edə biləcək.

Atletlər kəndində dörd super və üç sadə əyləncə mərkəzi fəaliyyət göstərir. Super əyləncə mərkəzinin fərqli cəhəti burada stolüstü tennis, bilyard və virtual qolf oynamaq üçün xüsusi oyun zallarının olmasıdır. İdman zalında isə 130 müxtəlif trenajor quraşdırılıb.

Oyunların Atletlər kəndində əsas diqqət yetirilən məsələlərdən biri yarışlar zamanı idmançılara, məşqçilərə, ümumiyyətlə ehtiyacı olan hər kəsə yüksək tibbi xidmət göstərməkdir. Bu məqsədlə xüsusi poliklinika fəaliyyət göstərir. Poliklinikada müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, stomatoloji, oftalmoloji, laboratoriya, rentgen, fizioterapiya, əczaxana və digər tibbi xidmət sahələri mövcuddur. Dopinq nəzarəti mərkəzi də poliklinika ilə yanaşı yerləşir.

Atletlər kəndindəki şərait dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün zəruri infrastruktur yaradıldığının mühüm göstəricisidir. Görülən hazırlıq işləri bu mötəbər beynəlxalq idman tədbirinin uğurla keçiriləcəyinə əminlik yaradır.

Media nümayəndələri üçün üçüncü belə turun təşkil olunduğunu bildirən birinci Avropa Oyunlarının Media Mərkəzinin əməkdaşı Mehman Nəcəfli sonuncu turda 90-dək yerli və xarici jurnalistin iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, turun əsas məqsədi Atletlər kəndində yaradılan şəraitlə tanış olmaqdır. Burada atletlər üçün hər cür şərait yaradılıb. Onların məşqi, asudə vaxtlarının səmərəli təşkili istiqamətində lazımi işlər görülüb. Atletlər kəndində 50 ölkədən 6 mindən artıq idmançı yerləşdiriləcək. Artıq idmançıların əksəriyyəti ölkəmizə təşrif buyurub və Atletlər kəndində yerləşdiriliblər.

Xarici media nümayəndələri də Atletlər kəndində yaradılan şəraiti yüksək qiymətləndirirlər. Ümumilikdə, media turlarda 200-dən artıq yerli və beynəlxalq jurnalist iştirak edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında