Birinci Avropa Oyunlarına ev sahibliyi etmək ərəfəsində olan qədim, qədim olduğu qədər də modern, hər zaman doğma və əsrarəngiz Bakı bu günlərdə, bəlkə də, həyatının ən maraqlı, rəngarəng, xoş dönəmlərindən birini yaşayır. Axı Azərbaycan paytaxtı qitənin ən möhtəşəm idman yarışlarını, əslində, böyük idman bayramını həyata keçirməyə hazırlaşır.
Bəli, şəhərdə hara baxsanız, hara getsəniz, küçə və meydanlarda “Bakı-2015" yarışlarına təşrif buyuran çox sayda əcnəbi atlet, turist və media nümayəndələri görəcəksiniz. Onlar Azərbaycan paytaxtının tarixi-mədəniyyət abidələri ilə tanış olur, istirahət guşələrində dincəlir və sakinlərlə canlı, səmimi ünsiyyət qururlar.
Dünən Bakının göz bəbəyi olan İçərişəhərdə olduq, qonaqlardan Oyunlar, eləcə də paytaxtımız barədə təəssüratlarını oxucularımızla bölüşmələrini xahiş etdik. Söhbət etdiyimiz əcnəbilərin hamısı Bakıya valeh olduqlarını bildirdilər.
Roman ICLECHTEV, (Lüksemburq):
– Mən Bakıya həyat yoldaşım Viviane Slonieviz ilə gəlmişəm. Hər ikimiz təqaüdçüyük. Gəlişimizin əsas səbəbi yeganə oğlumuz Boba azarkeşlik etməkdir. Axı, o, triatlon üzrə Lüksemburq milli komandasının üzvüdür. Komandamız medala iddialıdır. Ümid edirik ki, Bob və dostları Bakıda yaxşı nəticə göstərəcəklər.
Səmimi deyirəm, Azərbaycan paytaxtına gəlişimizdən çox məmnun qalmışam. Buranı, sizin “İçərişəhər” adlandırğınız köhnə Bakını xüsusilə çox sevdim. Burada sanki tarixlə müasirlik mehribancasına “qucaqlaşıb”. Qız qalasını da ziyarət etdik. Bu, bənzərsiz bir abidədir. Oradan Xəzər dənizinin intəhasız sularına doyunca baxdım. Dəniz gözümü, könlümü çox oxşadı. Həyat yoldaşım Vivianeni də bu mənzərə özünə cəlb etdi. Bir sözlə, şəhəriniz bizi valeh etdi.
Xanım Viviane isə həyat yoldaşının sözlərinə bunları əlavə etdi:
– Biz bir çox Şərq ölkələrində turist səfərlərində olmuşuq. Bakı özündə Şərq və Qərb mədəniyyətlərini canlı təcəssüm etdirir. Bura gəlişimə çox sevinirəm. Macal tapan kimi, bu gözəl şəhərə bir də gələcəyəm!
Onalan SELLİNEZ, (Böyük Britaniya):
– Mən Böyük Britaniyanın Liverpul şəhərindənəm. Özüm peşəkar idmanla məşğul olmasam da, idmanı çox sevirəm. Bakıdakı idman yarışlarını izləmək arzusundayam. Axı, idman insana enerji, xüsusi bir zövq verir. İdman həqiqətən xalqlar, ölkələr arasında sülh, dostluq körpüləri yaradır. Dünyanın hazırda buna böyük ehtiyacı var. Axı, çox yerdə zorakılıqlar baş verir. Çox yaxşıdır ki, Azərbaycanda sabitlik, əmin-amanlıq hökm sürür.
Sabitlik, tərəqqi olmasaydı, burada belə böyük miqyaslı idman yarışları keçirmək olardımı? Əlbəttə ki, yox! Kaş Bakıda futbol üzrə yarışlar da keçiriləydi. Bizim Liverpulun eyniadlı komandasının oyunçuları burada əla futbol nümayiş etdirə bilərdilər.
Sonda əcnəbi turist qəlbindən dilinə axan bu sözləri səslənddirdi: Dostlar, bir daha deyirəm: Bakı mənim təsəvvür etdiyimdən də gözəl şəhər imiş. Ən əsası, insanları gözəldir!
Patrik SCHOSSER, (Almaniya):
– Mən əslən Münhendənəm, sizin həmkarınızam.
İsveç mediası üçün Bakı yarışları barədə film çəkmək üçün gəlmişəm. Bir həmkar kimi, yəqin ki, mənimlə razılaşarsınız, idman yarışlarına hər zaman bir dinamika, qeyri-adilik, yenilik xas olduğuna görə, bu sahədə çalışmaq jurnalistlər üçün çox maraqlıdır.
Soruşursunuz ki, birinci Avropa Oyunlarının əhəmiyyəti nədir? Əlbəttə, bu, qitənin idman həyatında böyük hadisədir. Axı, Avropada digər bir çox qitələrdən fərqli olaraq məxsusi idman oyunları keçirilməyib. Bu mühüm yarışılara məhz Azərbaycan paytaxtında start verilməsi, fikrimcə, ona dəlalət edir ki, Avropa Olimpiya Komitəsi Azəbaycana etimad bəsləyir. Ölkənizdə qısa müddətdə müasir idman infrastrukturunun yaradılması barədə də məlumatım var. İnanıram ki, Azərbaycan ona olan inamı doğruldacaq.
Emil SUDERMAN, (İsveç):
– Mən Bakıya ilk dəfədir gəlmişəm. Şəhər, xüsusilə İçərişəhər diqqətimi cəlb etdi. Şəhərinizin küçələri çox təmizdir, səliqəlidir. Sakinlər mehriban və gülərüzlüdü, həm də çox nikbindirlər. Diqqətimi belə bir məqam çəkdi ki, Bakıda gənclər arasında əcnəbi dillərdə, xüsusilə də ingilis dilində səlis danışanlar çoxdur. Turistlər arzu etdikləri ünvanları soruşub tapmaqda, şəhərin tarixi, mədəniyyəti barədə məlumat əldə etməkdə çətinlik çəkmirlər.
Bakı böyük idman yarışları ərəfəsindədir. Bu, hər yerdə, küçə və meydanları bəzəyən çoxsaylı şüar və reklam lövhələrindən də hiss olunur. Sakinlərin çöhrələrində də bir bayram ovqatı var.
Aşkar görünür ki, paytaxtınız birinci Avropa Oyunlarına böyük həvəslə hazırlaşıb. İnanıram ki, hər şey, həm yerli sakinlərin, həm də əcnəbi qonaqların ürəyincə olacaq. Düşünürəm ki, Bakının adı dünyanın ən yaxşı, sivil şəhərlərinin arasında çəkilməyə layiqdir!
Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.