“Bakı-2015” Avropada idmanın kütləvi inkişafı üçün bələdçi rolunu oynayır

Komandamız Oyunlarda böyük tərkibdə iştirak edəcək. Xatırlayıram,
mən 2000-ci ildən bu günə qədər bütün Yay Olimpiya Oyunlarında olmuşam və adətən
idmançılarla görüşmüşəm. Biz idmançıları Oyunlara təntənəli şəkildə yola salırdıq.
Bu dəfə isə Avropa ölkələrindən idmançılar Azərbaycana gəlirlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


 

“Bakı-2015" birinci Avropa Oyunları özündə yüksək bəşəri dəyərləri ehtiva edən idman hadisəsi, böyük idman bayramıdır. İdman sağlamlıq və gözəllik, sağlam rəqabət rəmzidir. O, xalqlar və millətlər arasında ”dostluq körpüləri" qurur, qanlı müharibələrə “yox” deyir, dilindən, dinindən, irqindən, sosial statusundan asılı olmayaraq kiçikdən-böyüyə hər kəsin qəlbində mərhəmət, həmrəylik, qardaşlıq duyğuları kimi ülvi, nəcib hisslər doğurur.

Avropanın dünya sivilizasiyasına bəxş etdiyi böyük tarixi dəyərlərdən biri olan Olimpiya Oyunlarının ən ümdə vəzifəsi qitədə, eləcə də bütün dünyada idmanın kütləviliyinə nail olmaqdır. Qürurverici haldır ki, son illər gənc, müstəqil Azərbaycan dövləti bu mühüm missiyaya böyük töhfə verir. Azərbaycanın əksər bölgələrində müasir standartlara uyğun Olimpiya kompleksləri, stadionlar inşa edilib. Dövlətimizin məhz bu sahəyə daim artan qayğı və diqqəti ilə ölkəmizdə idmanın kütləvi inkişafı üçün geniş meydan yaranıb. 

“Bakı -2015” möhtəşəm hadisədir, o, həm ölkə, eləcə də qitə idmanının davamlı inkişafını təşviq edir. Dövlətimizin başçısı cənab İlham Əliyev dəfələrlə  vurgulayıb ki, birinci Avropa Oyunları ölkəmizdə müxtəlif idman növlərinin təbliği, yeni nəsil idman mütəxəssislərinin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Prezident əmindir ki, “Oyunlar Azərbaycan üçün gözəl sosial təbliğat vasitəsi olacaqdır. Ölkə əhalisinin üçdə ikisinin yaşı 35-dən aşağıdır və bu böyük təbəqə idmanın təşviq etdiyi amallar haqqında məlumatlar alacaqdır".

Görünən budur ki, ilk Avropa Oyunlarına hazırlıq işləri çərçivəsində ölkəmizdə həyata keçirilən kütləvi tədbirlər, xüsusilə Oyunların məşəlinin Azərbaycanı bölgə-bölgə  dolaşması hər kəsdə böyük coşqu yaradıb və həm paytaxtda, həm də bölgələrdə on minlərlə uşaq, yeniyetmə və gənclərin idman oyunlarına marağını daha da artırıb. Bakıda bu gün hər addımda qarşımıza yaraşıqlı idman geyimlərində olan könüllülər, əcnəbi atletlər, turistlər çıxır. Bakı Avropanın idman paytaxtına çevrilib. Buna necə sevinməmək olar?! İnsanın qəlbi dağa dönür!

Bu gün təkcə Bakıda deyil, bölgələrdə də bir coşqu var. Sabirabadlı bir ziyalı  öz “Facebook” səhifəsində yazıb ki, bu il may ayının 14-də Sabirabadda məşəlin təntənəli qarşılanma mərasimi  hər kəsə böyük bir bayram sevinci yaşatdı, son günlər ərzində rayondakı müxtəlif idman klublarına üzv yazılan yeniyetmə oğlan və qızların sayı birə-beş artdı! Valideynlər buna bəlkə də hamıdan çox sevinirlər. Axı, idman sağlam həyat tərzidir, fiziki kamillik insanı mənəvi kamilliyə aparır!

Avropada indi idmanın kütləviliyinin sürətləndirilməsi prosesinə xüsusi önəm verilir. Avropa İttifaqının təşəbbüsü və Avropa Olimpiya Komitəsinin  (AOK) təşkilatçılığı ilə bu yaxınlarda  Almaniyanın Hessen Federal torpağında Avropanın sosial həyatında idmanın roluna həsr olunmuş toplantıda çıxış edən AOK rəsmiləri, nüfuzlu idman mütəxəssisləri, alim və ziyalılar qitədə idmana əhalinin mümkün qədər böyük qisminin cəlb olunmasının əhəmiyyətini məxsusi vurğulayıblar. Onlar “Bakı -2015" yarışlarının bu prosesə təkan verəcəyinə ümid etdiklərini də dilə gətiriblər.

“Bakı-2015" bu gün qitədə idmanın sürətli inkişafı üçün bələdçi rolunu oynayır. İnanırıq ki, birinci Avropa Oyunları  bütün Avropada idmanın kütləviliyi prosesinə ciddi təkan verən müsbət hadisə kimi idman tarixinin yaddaşına yazılacaq. Azərbaycanın bayraqdar rolunda çıxış etməsi ilə yalnız indiki deyil, sonrakı nəsillərin fəxr edəcəyinə şübhə etmirəm.

Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında