Blaz Perko: Əfsanəvi partizan “Mixaylo”nun Vətəninə gəlməkdən şərəf duyuruq

Bu sözləri Sloveniya Milli Olimpiya Komitəsininin (MOK) baş katibinin müavini Blaz Perko bu ölkənin cənub-qərbində, Adriatik dənizi sahillərində yerləşən Koper şəhərində birinci Avropa Oyunlarında iştirak edəcək Sloveniya milli komandasının təqdimetmə mərasimində səsləndirib.

Sloveniya mətbuatı yazır ki, çox səmimi və işgüzar şəraitdə baş tutan tədbirdə “Bakı-2015" yarışlarına qatılacaq idmançılar, tanınmış idman mütəxəssisləri, ölkə ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər. Sloveniya MOK-un rəsmiləri, atletlər ”Bakı-2015" yarışları ilə bağlı arzu və təkliflərini dilə gətiriblər, Sloveniyada xatirəsi çox əziz tutulan əfsanəvi partizan Mehdi Hüseynzadənin doğulub boya-başa çatdığı Bakıya böyük ruh yüksəkliyi ilə yola düşməyə hazırlaşdıqlarını bildiriblər. 

Əziz oxucu! Məlumdur ki, İkinci dünya savaşında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə yerli sloveniyalı, italyan patrizanları ilə bərabər o dövrdə bu əraziləri zəbt edərək dəhşətli zorakılıqlar törədən faşistlərə qarşı qəhrəmancasına vuruşub. Yəqin ki, məşhur “Uzaq sahillərdə” filmindəki hər birimizin yaddaşına həkk olunan kadrlar indi gözlərinizin önündə canlanır və xəyalınız sizi Mixaylonun döyüşdüyü uzaq, artıq hər birimiz üçün doğma olan yerlərə aparır. Bəlkə də Bakıya ilk Avropa Oyunlarında iştirak etməyə gələnlər arasında Mixaylo ilə bir yerdə partizanlıq edən, ya da onun xilas etdiyi ailələrin idmançı nəvələri də var...

Sözügedən mərasimdə isə Blaz Perko ilk Avropa Oyunlarının qitənin idman hərəkatının inkişafında əhəmiyyətini məxsusi olaraq bir daha vurğulayıb. Deyib ki, Bakıda start götürən bu şərəfli missiyanı dörd ildən sonra davam etdirmək şərəfinə Azərbaycandan sonra ikinci olaraq Niderland layiq görülüb. Beləliklə, Bakıda Avropada məramı barış və sülh olan Olimpiya hərəkatının davamlı inkişafı üçün yeni, möhkəm ənənələrin bünövrəsi qoyulur. 

Blaz Perko hesab edir ki, “Bakı-2015” yarışlarında 83 ən güclü idmançısı ilə təmsil olunan Sloveniyanın həm komanda, həm də fərdi yarışlarda ən yaxşı nəticələrə iddialı olmaqda haqqı çatır. Sloveniya MOK-un rəsmisi daha sonra ölkəsinin medal ümidləri olan atletlərin adlarını çəkib. Bildirib ki, həmvətənləri haqlı olaraq  cüdo yarışları üzrə tərkibində Tina Trstencak, Ano Velesek, Roski Dragsije, Matyaz Jerac kimi istedadlı idmançıları olan milli komandadan qələbə gözləməkdə haqlıdırlar. Onun sözlərinə görə, Sloveniyanın taekvondo komandası da gözləntiləri doğrulda bilər. Stolüstü tennis yarışlarında Boyan Tokijin kimi ən sərt idman mübarizəsindən qalib ayrılmaq imkanları var. O, adlarını çəkdiyi və çəkmədiyi bütün idmançılara uğurlar arzulayıb.

Blaz Perko çıxışının sonunda  vurğulayıb ki, Azərbaycan dövləti vaxt darlığından doğan ən ekstremal şəraitdə Oyunların uğurlu keçməsi üçün ən müasir  idman infrastrukturunun yaradılmasına nail olub. Təqdirəlayiq haldır ki,  “Bakı-2015” yarışlarının Təşkilat Komitəsinin işinə Avropanın ən səriştəli idman mütəxəssisləri də cəlb olunub. Şəxsən o, Bakıda insanı heyrətə gətirəcək möhtəşəm bir idman tədbirinin baş tutacağına böyük ümidlər bəsləyir.

Xatırladaq ki, son illər Azərbaycan-Sloveniya əlaqələri ən yüksək səviyədə inkişaf edərək genişlənir. Belə ki, 2011-ci ildə Azərbayjan Prezidenti İlham Əliyev Sloveniyaya rəsmi səfər etmiş, bu ölkənini Novo Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin memorialını ziyarət etmiş, burada Sloveniya Prezidenti Danilo Türk ilə bərabər  əfsanəvi qəhrəmanın memorial muzeyinin açılışında iştirak etmişdir. Muzeydə Mixaylonun abidəsi də qoyulmuşdur. Vaxtilə ona məxsus olan döyüş sursatları, şəxsi əşyalar da muzeydə nümayiş etdirilir.

Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında