“Bakı-2015”-in məşəlinin idman arenalarına səyahəti

İyunun 8-də “Bakı-2015”-in məşəli birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində olub.

AZƏRTAC xəbər verir ki, dan yeri sökülərkən məşəl velosiped idmanının BMX növü üzrə yarışların keçiriləcəyi Velopark ərazisinə gətirilib. Alovu “Nə? Harada? Nə vaxt?” intellektual oyununun Azərbaycan üzrə baş prodüseri Balaş Qasımov qəbul edib.

Sonra məşəl Bakı Su İdmanı Sarayına aparılıb. Altı mindən artıq tamaşaçı tutumu olan idman arenasında məşəlçilər sinxron üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Tatyana Nikitina və Yekaterina Valiulina olublar. Nəinki qitənin, eləcə də dünyanın ən müasir su idmanı mərkəzlərindən olan bu kompleksdə yarışların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Bu il aprelin 20-də istifadəyə verilən bu idman arenasında yarışları eyni vaxtda 6 mindən çox tamaşaçı izləyə biləcək.

Məşəlin növbəti dayanacağı Avropa Oyunları Parkındakı Basketbol Arenası olub. Birinci Avropa Oyunları zamanı 3x3 basketbol üzrə yarışlara ev sahibliyi edəcək arenada məşəli veteran basketbolçu Elxan Əliyev alovlandırıb.

Dağ Velosipedi parkında isə məşəlçi rolunda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edib. O, yarışların keçiriləcəyi marşrut boyunca alovla hərəkət edib.

Triatlon yarışlarının keçiriləcəyi Bilgəh çimərliyi ərazisində isə məşəli “Bakı-2015” birinci Avropa Oyunlarının ulduz elçisi Tahir İmanov daşıyıb. Ölkəmizdə idmanın yeni növü kimi get-gedə daha da məşhurlaşan triatlon üzrə ölkəmizi bu mötəbər yarışda üç idmançı təmsil edəcək.

Olimpiya Oyunlarının ikiqat mükafatçısı, dünya və Avropa çempionu, güləşçi Mariya Stadnik “Bakı-2015”-in məşəlini Heydər Əliyev adına İdman Sarayına gətirib. Arenanın daxilində məşəl ilə hərəkət edən birinci Avropa Oyunlarının idman elçisi Mariya Stadnik deyib: “Mötəbər idman yarışının məşəlçisi olduğum üçün özümü xoşbəxt hiss edirəm. Həmçinin birinci Avropa Oyunlarının idman elçisi və yarışın iştirakçısıyam. Çox istərdim ki, birinci Avropa Oyunlarının çempionu adını qazanım. Yarışa çox ciddi hazırlaşmışam. Olimpiya Oyunlarında olduğu kimi çox həyəcanlıyam. Ümid edirəm ki, azarkeşlərimi qələbə ilə sevindirəcəyəm”.

Birinci Avropa Oyunları məşəlinin növbəti dayanacağı Milli Gimnastika Arenası olub. Bədii gimnastika üzrə ikiqat Azərbaycan çempionu, Avropa çempionatının bürünc mükafatçısı Marina Durunda məşəl ilə müxtəlif nümunəvi çıxışlar edib. Məşəlçi olması ilə bağlı sevincin bölüşən M.Durunda bildirib: “Belə mötəbər yarışın məşəlçisi olmaq mənim üçün böyük fəxrdir. Birinci Avropa Oyunları Azərbaycanın idman tarixində çox mühüm hadisədir. Uzun müddətdir ki, bu Oyunlara hazırlaşırıq. Əzmlə mübarizə aparıb ölkəmizi layiqincə təmsil edəcəyik”.

Məşəl Milli Gimnastika Arenasından sonra Tofiq Bəhramov adına Respublika stadionuna gətirilib. Respublika stadionu Oyunlar zamanı idmanın başqa bir növü – kamandan oxatma üzrə yarışlara ev sahibliyi edəcək. İyunun 16-dan 22-dək burada keçiriləcək yarışlarda 128 idmançı medallar uğrunda mübarizə aparacaq.

Birinci Avropa Oyunları zamanı kamandan oxatma yarışlarına ev sahibliyi edəcək arenada məşəlçi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə olub.

Sonda məşəl “Baku Crystal Hall”a gətirilib. “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının voleybol, boks, qılıncoynatma, taekvondo və karate yarışları keçiriləcək.

Bu idman arenasında məşəlçi “London-2012” Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat dünya və Avropa çempionu, boksçu Məhəmmədrəsul Məcidov olub. Boksçu bu barədə təəssüratlarını bölüşərkən bildirib: “Bu möhtəşəm anı yaşadığım üçün qürur hissi keçirirəm. Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları mənim üçün ciddi sınaq olacaq. Bu yarışa çox ciddi hazırlaşmışam. Ümid edirəm ki, “Bakı-2015”-də uğurla çıxış edib xalqımızı sevindirəcəyəm.

Birinci Avropa Oyunlarının məşəlinin Bakı estafeti iyunun 11-dək davam edəcək. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında