“Rossiya 24”: ”Avropa Oyunları-2015: Azərbaycan idmançıları qarşılamağa hazırdır”

“Bakıda Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Artıq bazar günü məşəl estafeti Azərbaycanın paytaxtına çatacaq. Məşəl şəhərin mərkəzi ilə aparılacaq, iyunun 12-də isə Olimpiya Stadionunda alovlandırılacaq. Bakıda atletləri artıq səbirsizliklə gözləyirlər. Şəhər  6 mindən çox idmançını və daha çox azarkeşi, idman pərəstişkarını qəbul etməyə hazırdır”, - bu sözlər Dmitri Kaystronun “Rossiya 24" kanalının ”Vesti" proqramı üçün hazırladığı reportajda deyilir. Material “Vesti.ru” portalında yerləşdirilib.

Reportajda qeyd edilir ki, birinci Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməsi möhtəşəm idman bayramının mühüm hadisələrindən biridir. Şəhərə məşəl katerlə axşam çatdırılacaq. Məşəl estafeti Bakının yaxınlığında yerləşən qədim Atəşgah məbədindən 47 gün bundan əvvəl başlayıb. Bu günlər ərzində 1000 məşəl daşıyan onu təxminən 6 min kilometr məsafəni qət etməklə, Azərbaycanın bütün guşələrindən keçiriblər.

Bazar günü məşəl şəhərin mərkəzi ilə Qız qalasına gətiriləcək. Mərasimə bir gün qalmış isə məşəl Qız qalasında Xəzər dənizi sahilindəki “Sadko” limanına, oradan isə iyunun 12-də Bakı Olimpiya Stadionuna - Oyunların açılışı mərasiminə aparılacaq.

Müasir texnika ilə təchiz edilmiş media mərkəzi də öz işinə başlayıb. Dünyanın bütün ölkələrindən olan jurnalistlər birinci Avropa Oyunlarını işıqlandıracaqlar. Mərkəzdə onlar üçün hər cür şərait yaradılıb.

Atletlər Oyunlarda idmanın 20 növündə (16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya) mübarizə aparacaqlar. Açılış mərasimi isə 64 min nəfərlik Olimpiya Stadionunun arenasında keçiriləcək. Avropa Oyunlarında 12 idman növü 2016-cı il Rio-de Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Bu o deməkdir ki, Bakıya Avropanın ən yaxşı idmançıları gəlməlidirlər. Birinci Avropa Oyunlarında 100 Olimpiya çempionu iştirak edəcək.

Avropa Oyunlarına hazırlıq üçün təşkilatçıların cəmi iki il yarım vaxtı olub. Elə buna görə də idman obyektlərinin tikintisinin miqyası heyrətamizdir. Buraya səkkiz yeni arena və idman sarayı, 6 min idmançının, 3 min məşqçinin, həkimlərin, massajistlərin üç həftə qalacaqları möhtəşəm Atletlər kəndi daxildir.

Üstəlik dəniz sahili, yollar, yeni aeroterminal və yüzlərlə yeni “London taksi”si müasir Bakını tanıdan ştrixlərdəndir.

Çox tezliklə Azərbaycanda dünya idmanının yeni səhifəsi açılacaq. Bugünkü Bakıya nəzər yetirərək daha çox əmin olursan ki, bu, idmançılar üçün də, dünyada milyonlarla azarkeşlər üçün də fantastik bayram olacaq. Hər gün 5-dən 22-dək medal uğrunda mübarizə gedəcək. Yarışların 16 günündə 253 dəst medal uğrunda mübarizə aparılacaq.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında