Karl STOSS: “Bakı-2015” adını dünyanın idman təqviminə yazdıracaq

Avstriya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Karl Stoss birinci Avropa Oyunlarının keçirilməsini həyatın tələbi olduğunu vurğulayaraq deyib: Asiya Oyunları, Panamerika Oyunları, Böyük Britaniya Millətlər Birliyi Oyunları...Nəhayət, Avropa Oyunları start götürür. İnanıram ki, “Bakı-2015" adını qlobal idman təqvimində yazdıracaq.

Bu fikri Avstriyanın paytaxtı Vyana şəhərindəki “Mariett” hotelində ilk Avropa Oyunlarında iştirak edəcək Avstriya milli komandasının təqdimolunma mərasimində səsləndirib. Onun sözlərinə görə, ilk uğurdan çox şey asılıdır və ümid edir ki, Bakı yarışları qitənin idman hərəkatında yeni ənənələrə start verəcək.

Cənab Karl Stoss həmçinin hesab edir ki, “Bakı-2015" qitədə kütləvi idmanın davamlı inkişafına, bütövlükdə, inteqrasiya proseslərinə pozitiv təsir göstərəcək, avropalı atletlərin qlobal yarışlarda daha böyük uğurlar qazanmaları üçün zəngin təcrübə mənbəyinə çevriləcək. 

Avstriya MOK-un prezidenti belə bir məqama da diqqət yetirib ki, Asiya, Amerikada qitə idmanının təşkili sahəsində kifayət qədər təcrübə var, Bakıda isə bu ənənələr ilk dəfə qazanılır. Təqdirəlayiq haldır ki, Azərbaycan bu mühüm tədbirə böyük məsuliyyətlə yanaşıb. Bakıda qısa müddətdə görülən işlərin sürəti və miqyası yalnız və yalnız rəğbət doğurur.

Karl Stoss avstriyalı atletlərə müraciətlə deyib ki, Bakı sizi ən müasir tələblərə cavab verən gözəl idman meydançaları, stadionlar, Şərq insanlarına xas olan qonaqpərvərlik gözləyir. Bununla bərabər, burada gərgin idman mübarizəsi baş verəcək. Unutmayın ki, idmanda ancaq cəsur və əzmkarlar qələbə çalırlar. Ən yaxşı qələbə isə ədalətli idman mübarizəsində əldə olunan qələbədir. MOK-un prezidenti Bakı yarışlarına qatılan həmyerlilərinə, eləcə də bütün idmançılara uğurlar diləyib.  

Qeyd edək ki, Karl Stoss Avropa Olimpiya hərəkatında sayılıb-seçilən idman təşkilatçılarından biridir. O, 2007-ci ildən Avstriya MOK-una rəhbərlik edir. Avropada idman hərəkatının məzmun və formaca  yeniləşməsi tərəfdarı kimi tanınır. Yeniyetməlik və gənclik illərində üzgüçülük və su polosu idmanı ilə məşğul olub. Hazırda dağ alpinizminə maraq göstərir. İxtisasca tekstil sənayesi mühəndisidir. Lakin daha çox müxtəlif idarəetmə strukturlarında çalışıb, son illər isə bilik və bacarığını idmanın tərəqqisinə həsr edib.

Sözügedən tədbirdə stend atıcılığı üzrə Avstriyanın medal ümidlərindən olan Andreas Şerhaufer də çıxış edib: Mən birinci Avropa Oyunlarında Avstriyanın milli bayrağını daşımaqdan böyük qürur duyacağam. Bu, böyük şərəfdir və bu anı böyük səbirsizliklə gözləyirəm. Xatırladaq ki, 44 yaşlı idmançı  2012-ci Pekin Olimpiadasında yaxşı nəticələr göstərib.

Tədbirdə şən, əyləncə xarakterli çıxışlar da olub. Avstriya nümayəndə heyətinin nəzərinə çatdırılıb ki, birinci Avropa Oyunlarının Təşkilat Komitəsi tərəfindən bütün əcnəbi atletlərin, o cümlədən dahi bəstəkar Motsartın həmyerlilərinin Bakıda boş vaxtlarını səmərəli keçirmələri üçün mədəni proqramlar da hazırlanıb. Arzu edənlər paytaxtın musiqi və teatr aləmi, Azərbaycan mətbəxi ilə yaxından tanış ola bilərlər. 

Sonda bildirək ki, iki gün əvvəl Avstriyanın “Bakı-2015" iştirak edəcək komandasının  rəsmiləri Bakıya gəliblər. Qfrşıdakı iki-üç  gün ərzində isə 143 avstriyalı atletin paytaxtımıza gəlişi gözlənilir.

Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında