“Bakı-2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

 “Bakı-2015”-in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu oldu.

AZƏRTAC xəbər verir ki, Qobustan Milli Parkı açıq səma altında qoruq-muzeydir. Dünya əhəmiyyətli abidə kimi, 2007-ci ilin iyununda UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. 2011-ci ildə istifadəyə verilən, ümumi sahəsi 2 min 460 kvadratmetr olan muzey və inzibati bina kompleksi innovativ metodlarla əks olunan məlumat bazaları ilə Qobustan ziyarətçilərini heyran qoyur. Xüsusi multimedia proqramları olan sensor ekranlarda həm maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D film və sair nümayiş etdirilir. Burada 360 dərəcə dövr edən xüsusi aparatla istənilən abidəni izləmək mümkündür. Muzeyin fondunda 100 mindən çox arxeoloji material toplanıb.

Qoruqda 283 kvadratmetr sahədə 2 teleskopun quraşdırıldığı müşahidə meydançası var. Hazırda Qobustan qoruğunda 6000-dən artıq qayaüstü təsvir aşkar olunub, 40-dan çox kurqan və 20-yə yaxın qədim yaşayış məskəni qeydə alınıb, 105 min maddi mədəniyyət əşyaları elmi cəhətdən tədqiq edilib.

Arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlandı. 1,8 kilometr məsafəni əhatə edən  estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “Heydər Əliyev-92” inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdilər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq “Bakı-2015”-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.

Mərasim “Bakı-2015”-ə həsr olunmuş bədii proqramla davam etdirildi. “Bakı-2015”-in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi.

Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüratlarını bölüşərək deyib: “Çox gözəl gündür. Açığı, çox həyəcanlıyam. Min illərin səsi-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, birinci Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Beləliklə, “Bakı-2015”-in məşəli paytaxta qədəm qoymağa hazırdır. İyunun 7-də məşəl paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – birinci Avropa Oyunlarının tarixi açılış mərasimi başlayana qədər paytaxtın gəzməli-görməli yerlərinə səyahət edəcək.

Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5500 kilometr məsafə qət edib. Məşəl səyahətində 150 nəfərlik yaradıcı komanda, 132 nəqliyyat vasitəsi iştirak edir. Estafetə 1000 nəfərdən çox məşəlçi cəlb olunub. Səyahət boyunca hər regionu əhatə edən məşəl estafetləri, eləcə də alov festivallarında “Bakı-2015”-in ulduz elçiləri də iştirak edirlər. Festivallar Naxçıvan, Lənkəran, Cəlilabad, Sabirabad, Horadiz, Quzanlı, Bərdə, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şamaxı və Qubada keçirilib. Qalan yaşayış məntəqələrində isə qarşılanma mərasimləri olub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında