Dusan SİMONOVİÇ: “Bakı-2015” yarışlarında ədalətli idman mübarizəsinin şahidi olacağıq

Dünən Monteneqronun ən böyük şəhəri Podqoritsada Bakıda keçiriləcək  birinci Avropa Oyunlarına yola düşməyə hazırlaşan atletlərlə görüş keçirilib. Bu barədə Monteneqronun MİNA agentliyi məlumat yayıb.

Tədbirdə çıxış edən Monteneqro Milli Olimpiya Komitəsinin (MOK) prezidenti Dusan Simonoviç birinci Avropa Oyunlarının keçirilməsi zəruriliyindən, eləcə də həmvətənlərinin Bakı yarışlarında ciddi hazırlaşmalarından  danışaraq deyib:

– Əminəm ki, Avropanın idman hərəkatının tarixində bu möhtəşəm hadisə qitədə idmanın inkişafına yeni impuls verəcək. Gənc, müstəqil Azərbaycan dövləti  dəfələrlə son illər bir çox beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməyi bacardığını sübut edib. Ümid edirəm ki, Azərbaycan bu dəfə də Avropanın ona bəslədiyi ümidləri doğruldacaq, yüksək təşkilatçılıq keyfiyyətləri nümayiş etdirərək bu mühüm idman hadisəsini böyük idman bayramına çevirə biləcək.

Dusan Simonoviç, həmçinin məlumat verib ki, Monteneqro MOK-un rəhbərliyi “Bakı-2015" yarışlarında ölkənin 55  ən güclü atletini göndərməyi qərara alıb. Onlar idmanın 9 növündə yarışacaqlar. Monteneqrolu atletlər həm komanda idman növlərində, həm də fərdi qaydada yarışacaqlar. İdmançılar fərdi qaydada atletika, cüdo, boks, üzgüçülük, karate, velosiped və atıcılıq yarışları üzrə güclərini sınayacaqlar.

“Bakı-2015”-də  komanda yarışlarında Monteneqronu su polosu üzrə milli komanda təmsil edəcək. Bəlli olduğu kimi, Monteneqronun su polosu komandası Avropa və dünya çempionatlarında dəfələrlə böyük uğurlar əldə edib. Bunu nəzərə alaraq Dusan Simonoviç vurğulayıb ki, “biz su polosu üzrə komandamızın  Bakıdan medalla  qayıdacağına böyük ümid bəsləyirik”. Onun sözlərinə görə, Bakı yarışları 2016-cı il Rio-de-Janeyroda keçiriləcək  Yay Olimpiadasına hazırlıq çərçivəsində  Monteneqro atletləri üçün “baş məşq” ola bilər və onlar bu şansdan faydalanmalıdırlar. Yeri gəlmişkən, Monteneqro idmançıları bu ilin iyun ayının ilk günlərində İslandiyada keçirilən Avropanın Kiçik Dövlətlərinin Oyunlarında da fəal iştirak ediblər və yaxşı nəticələr göstəriblər.

Monteneqro MOK-un prezidenti çıxışında belə bir məqamı da vurğulayıb ki, birinci Avropa Oyunlarının Təşkilat Komitəsi yarışların yüksək səviyyədə keçirilməsi üçün bu işə Avropanın ən təcrübəli idman mütəxəssisləri və təşkilatçılarını dəvət edib. Dusan Simonoviç hesab edir ki, Azərbaycan hökumətinin, eləcə də beynəlxalq mütəxəssislərin birgə səyləri ilə  “Bakı-2015”-in təşkilatçıları bu məsuliyyətli missiyanın öhdəsindən uğurla gələcəklər.

Görüşdə Monteneqro MOK prezidentinin dəvəti ilə Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Seyran Mirzəzadə də iştirak edib və tədbir iştirakçıları qarşısında maraqlı məlumatlarla çıxış edib. Müşavir, ilk növbədə, son illər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin  bütün sahələrində olduğu kimi, idmanın da davamlı inkişafı istiqamətində görülən böyük işlər barədə məlumat verib. S.Mirzəzadə “Bakı-2015"-də dünyanın 50 ölkəsindən 6 mindən çox idmançının iştirak edəcəyini, Bakıda idmançılar üçün əla şərait yaradıldığını diqqətə çatdırmış, bütün idmançılara, eləcə də dost Monteneqronu təmsil edən atletlərə uğurlar arzulamışdır. Xatırladaq ki, S.Mirzəzadə bir müddət əvvəl “Bakı-2015” yarışlarını işıqlandırmaq üçün akkreditə olunmuş monteneqrolu media nümayəndələri ilə də görüşmüşdür.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında