Yaşar BƏŞİROV: İlk gün qızıl medal qazanacağımıza ümid edirəm

I Avropa Oyunlarının açılış mərasimindən sonra - yarışların ilk iki günü dörd qeyri-olimpiya idman növündən biri olan karate üzrə yarışlar keçiriləcək. “Baku Crystal Hall”da iyunun 13-14-də təşkil olunacaq hər yarış günü 6 medal dəsti uğrunda mübarizə aparılacaq. Ümumilikdə, qitənin ən güclü 96 idmançısının iştirak edəcəyi fərdi kumite üzrə 10, fərdi kata üzrə 2 yarış keçiriləcək.

Təşkilatçı ölkə kimi Oyunlarda bütün çəki dərəcələrində təmsil olunacaq Azərbaycan karateçiləri perspektivlərinə görə yarışların favoritləridir. Ötən il Finlandiyanın Tampere şəhərində 49-cu Avropa çempionatının qalibi olan komandamız Avropa idman tarixinə gözəl töhfələr verib. Döyüş ustalarımız bu ilin mart ayında İstanbulda keçirilmiş qitə çempionatında 2 qızıl, 1 gümüş medal qazanaraq daha bir parlaq qələbəyə imza atıblar.

Komandamızın dünyada reytinqinin yüksək olduğunu bildirən Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov yığmada güclü idmançıların yer aldığını bildirdi: “Kişilərdən ibarət komite üzrə komandamız daha güclüdür. Bunların arasında dəfələrlə Avropa və dünya çempionları Rafael Ağayev, Niyazi Əliyev builki Avropa çempionatında qızıl medal qazandılar. Qitə çempionatında Şahın Atamov hakim ədalətsizliyi ucbatından gümüş medalla kifayətləndi.

Kata növündə də yüksək nəticələrə ümid edirik. Qızlardan ibarət komanda nisbətən zəifdir. Amma onların da Oyunlarda medal qazanmaq şansları var.  Məsələn, Nuranə Əliyeva, İlahə Qasımova, Fəridə Abiyeva, İrina Zaretska dünya, Avropa çempionatlarının və beynəlxalq turnirlərin mükafatçılarıdırlar. Ümumiyyətlə, yığmanın bütün üzvlərindən medal gözləyirik”. Yaşar Bəşirov milli komandamızın ən azı 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanacağına inandığını dedi. “Ümid edirəm ki, Oyunların ilk yarış günü qızıl medal qazanacağıq”, - deyə federasiya rəhbəri əlavə etdi.

Karatenin Avropada çox məşhur olduğunu və Azərbaycanda geniş miqyasını, böyük nüfuzunu nəzərə alsaq, döyüşlərin dünya arenalarında necə maraqla izlənməsini təsəvvür etmək çətin deyil. Azarkeşlərimiz isə həsrətlə I Avropa Oyunlarının ilk qızıl medalını gözləyəcəklər.

Leyla QURBANOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında