Stefka KOSTADİNOVA: “Bakı - 2015” mənim nəzərimdə Olimpiadaya bərabərdir

Bolqarıstan MOK-un prezidentinin “Bakı-2015”-dən böyük gözləntiləri var

Dərhal qeyd edək ki, Stefka Kostadinova Bolqarıstanın canlı idman əfsanəsidir. O, qadınlar arasında hündürlüyə tullanma üzrə 1996-cı il Olimpiadasının çempionu, sonrakı illərdə isə dəfələrlə dünya rekordçusu olmuşdur. Stefka idman karyerasını bitirdikdən sonra vətənində idman təşkilatçılığı sahəsində çalışmağa başlayıb, 2005-ci  ildən isə Bolqarıstan Milli Olimpiya Komitəsinin prezidentidir.

Stefka Kostadinova dünən Sofiyada yerli və əcnəbi jurnalistlərə bolqarıstanlı atletlərin Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığı barədə məlumat verərkən demişdir:

- “Bakı-2015” yarışları qitənin idman tarixində həm forma, həm də məzmun etibarı ilə yeni hadisədir. Forma etibarı ilə ona görə yenidir ki, bu Oyunlar faktiki olaraq qitənin Olimpiya Oyunları deməkdir. Bəli, xüsusi vurğulamaq istəyirəm, “Bakı-2015” mənim nəzərimdə Olimpiya Oyunlarına bərabərdir. Azərbaycan paytaxtı bu möhtəşəm tədbirə yüksək səviyyədə hazırlaşıb və burada uğurlu start sonrakı Oyunlar üçün də yüksək keyfiyyət standartları müəyyən edəcək. 

Bolqarıstan MOK-un sədri daha sonra məlumat verib ki, “Bakı-2015"-də Bolqarıstan 127 ən güclü idmançısı ilə təmsil olunacaq. Onun sözlərinə görə, Oyunların açılışına iki gün qalmış bolqarıstanlı atletlər paytaxt Bakıya gələcəklər və gərgin idman mübarizəsi şəraitində qələbə uğrunda yarışacaqlar. S.Kostadinova deyib ki, həmyerliləri Bakı yarışlarına çox ciddi hazırlaşıblar və şəxsən onun böyük gözləntiləri var. 

Yeri gəlmişkən, Bolqarıstandan çoxlu sayda media nümayəndələri Bakı yarışlarının gedişatını geniş işıqlandırmaq üçün akkreditə olunublar. Bolqarıstan televiziyaları həmçinin Oyunların açılış və bağlanış mərasimlərindən birbaşa yayım hüququ əldə ediblər.

   Bolqarıstan MOK-un prezidenti Stefka Kostadinova iki gün əvvəl Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Emil Kərimovla görüşüb. MOK-un informasiya saytında verilən məlumata görə, Bolqarıstan MOK-un ofisində saat yarım davam edən görüşdə Azərbaycan hökumətinin Oyunlara hazırlığı, eləcə də bolqarıstanlı idmançıların Bakı yarışlarında iştirakı və sair məsələlər müzakirə edilib. Səfir bolqarıstanlı  idmançılara Bakı yarışlarında uğuurlar arzulayıb və ümid etdiyini bildirib ki, onlar qonaqpərvər Azərbaycan torpağından ən xoş xatirələrlə qayıdacaqlar.

Təqdirəlayiq haldır ki, Bolqarıstan MOK-un rəhbərliyi idmançıların təkcə fiziki və mənəvi hazırlığının deyil, onların birinci Avropa Oyunlarında ən gözəl idman kostyumları ilə təmin olunmalarının da qayğısına qalıb. Belə ki, iki gün əvvəl Sofiyadakı məşhur moda evlərindən birində “Bakı-2015” iştirak edəcək idmançılar üçün xüsusi idman geyimləri təqdim edilib. Tünd göy və süd rəngli boz çalarlı, təmiz pambıq materialdan hazırlanmış bu kişi və qadın kostyumları  yüngül, rahat olduqları qədər də gözəldir. Təqdimat mərasimində Bolqarıstanın baydarka idmanı üzrə Olimpiya çempionları Vania Geşeva və Zdravka Yordanova da iştirak ediblər.

 Bu arada Sofiyadakı Vasil Levski adına stadionda unikal idman fotolarının sərgisi açılıb. Burada tanınmış idman fotojurnalistləri Bonçuk Andonov, Canko Garov və Cordan Skrinonun ölkə idmanının ən maraqlı və qeyri-adi anlarını həkk edən fotoları nümayiş etdirilir. Sərgi həftəlirk “Weekly” jurnalının yaranmasının 44-cü ildönümünə həsr olunub. 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında