İyirmi dörd güləşçi

Onların hər biri yüksək iddialarla, böyük arzularla yaşayır. Buna haqları da çatır. Çünki Azərbaycan güləş məktəbinin zəngin ənənələrinin layiqli davamçıları olduqlarını dəfələrlə sübuta yetirmişlər. Bacarığı, yenilməzliyi bir daha təsdiq etmək cəhdi isə doğma Bakıda baş tutacaq. Üstəlik də, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarında.

Arzuları həyata keçirmək, ilk Oyunların ilk qalib və mükafatçıları ilə bir sırada dayanmaq nəyə desən dəyər və bunun üçün yaxşı fürsət yaranmışdır. İstər yunan-Roma, istərsə də sərbəst güləş ustalarına, o cümlədən qadın güləşçilərimizə pərəstişkarlarının inam və ümidi bir də ona görə böyükdür ki, onlar iştirakçısı olduqları yarışlarda adətən baş rollarda oynayır, fəxri kürsüyə yüksəlirlər.

Hətta dünya və Avropa çempionatlarını da bir kənara qoyub, yalnız Olimpiya oyunlarını xatırlayaq. Müstəqil komanda kimi çıxış etdiyimiz 1996-cı il Atlanta (ABŞ) Olimpiadasından bu günə kimi Azərbaycanın güləşdə medal qazanmadığı Olimpiya oyunları olmayıb. Əksinə, mükafatların sayı getdikcə artıb.

Bu gün milli komandalarımızda Namiq Abdullayevlə Fərid Mansurovun layiqli davamçıları çoxdur.  “Sərbəstlər” Toğrul Əsgərov, Şərif Şərifov, Xetaq Qazyumov, Hacı Əliyev, “klassiklər” Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Rafiq Hüseynov, qadın güləşçilər Mariya Stadnik, Yuliya Ratkeviç və onların komanda yoldaşları kəskin rəqabət, gərgin mübarizə meydanında hər cür qəhrəmanlığa hazırdırlar.

Bu ilin fevralında Tehranda olduğu kimi. İran paytaxtına, yunan-Roma güləşi üzrə Dünya kuboku turnirinə planetin ən güclü səkkiz güləş dövlətinin milli komandaları toplaşmışdı və kubok bir başqa ölkənin yox, məhz Azərbaycan komandasının üzünə güldü. Buna qədər belə bir şey olmamışdı. Ona görə də “klassiklərimizin” qələbəsi çox böyük, tarixi nailiyyət idi.

Onlar iyirmi dörd nəfərdirlər-üç komandanın hərəsində səkkiz nəfər. Adama elə gəlir ki, bu dəqiqələrdə heç biri fəxri kürsüdən kənarda qalmağı ağlına belə gətirmir, hamısı Avropa Oyunlarında tarix yazmaq istəyir. Bundan da yaxşı istək ola bilməz.

“Bakı-2015” birinci Avropa Oyunlarında güləş nümayəndələri arasında birinci olaraq yunan-Roma güləşi ustaları mübarizəyə qoşulacaqlar. Artıq iyunun 13-də onlar bir neçə çəki dərəcəsində ”məsələni həll edəcəklər". Görək çətin vəzifənin öhdəsindən kim necə gələcək.

Görüşlərin Heydər Əliyev adına İdman Sarayında keçiriləcəyi də mühüm məqamdır. Səkkiz minə qədər tamaşaçı tutan bu sarayda güləş ustalarımız ulu öndərin adına layiq çıxış etmək əzmindədirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında