Atəşgah... Odlar yurdu Azərbaycanın milli rəmzlərindən biri, əbədi alov məkanı, od məbədi. Xalqımızın tarixində müəyyən mərhələni təşkil edən atəşpərəstlik dininin nişanəsi olan Atəşgahın yaşı tarixin dərin qatlarına gedib çıxır.
Əsrlər ötüb keçib, bu əbədi alov məkanından götürülən od bu gün məşələ çevrilərək, Azərbaycanı ilk Avropa Oyunlarını qəbul edən ölkə kimi dünyaya tanıdıb. Ölkəmizin gücünü, qüdrətini, siyasi iradəsini dünyaya nümayiş etdirir. Qədim idman oyunlarını yaratmış Yunanıstanda od, alov müqəddəs sayıldığından Odlar yurdu Azərbaycan da Olimpiya ənənəsinə sadiq qalaraq, estafetə Atəşgahdan başladı. 2015-ci il aprelin 26-sı birinci Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə çevrildi. O gündən başlayaraq, “Bakı – 2015"-in məşəl estafeti Azərbaycanın bir-birindən gözəl guşələrini gəzib-dolaşır. Rayon, şəhər və bölgələrdə idman bayramları, alov festivalları, atəşfəşanlıqlar keçirilir. Tezliklə bu məşəl Avropa Oyunlarının açılış mərasiminə – Bakı Olimpiya Stadionuna gətiriləcək.
Azərbaycan Prezidenti cənab İlham Əliyev “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimində qeyd etdi ki, Azərbaycan əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyur.Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələrinin birgə yaşaması, bir ailə kimi yaşaması nadir təcrübədir. Beləliklə, Azərbaycan Avropa ilə Asiyanı, sivilizasiyaları birləşdirir, qardaşlıq anlaşmasının bərqərar olması üçün səylərini göstərməkdədir...
Azərbaycanın zəngin tarixi, mədəniyyəti bizim qürur mənbəyimizdir. Azərbaycanda qədim tarixi memarlıq abidələri bizim qürur mənbəyimizdir.
Sonra möhtərəm Prezidentimiz İlham Əliyev, xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin müşayiəti ilə Oyunların məşəlini alovlandırdı. Dövlətimizin başçısı od nəfəsli, gövdəsi “Bakı-2015” brendində yer alan, nar ağacını xatırladan, alovu qoruyan mis başlıqlı nar formasında olan məşəli ”Bakı-2015" Avropa Oyunlarının ilk məşəlçisi, Olimpiya çempionu Rəfiqə Şabanovaya verdi. Beləliklə Avropa Oyunlarının məşəlinin səyahəti başlandı.
– Biz fəxr edirik ki, birinci Avropa Oyunlarının alovunu möhtərəm Prezidentimiz İlham Əliyev Atəşgahdan götürdü...
Bu sözləri “Atəşgah” Məbədi Dövlət Tarixi-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi söylədi və bildirdi ki, hər gün dünyanın müxtəlif ölkələrindən gələn turistləri, ziyarətçiləri bir-birinin ardınca qəbul edən Atəşgah məbədi Avropa Oyunlarına tam hazırdır. O dedi:
– Azərbaycan Prezidenti İlham Əliyevin 1 uyul 2009-cu il tarixli “Atəşgah məbədi” Dövlət Qoruğunun mühafizəsi və maddi-texniki təminatı” barədə 365 saylı sərəncamına əsasən, məbəddə böyük elmi-tədqiqat, arxeoloji qazıntı işləri aparılmışdır. Son 200 ildə ilk dəfə olaraq burada arxeoloji qazıntı işləri aparıldı. Bu qazıntı nəticəsində Atəşgahın sirləri aşkar edildi.
Məbəddə həmçinin geniş bərpa işləri aparılmış, abidənin yerləşdiyi torpağın səviyyəsi 1 metr 20 santimetr aşağı endirilmişdir ki, həmin səviyyə XVIII əsrdə olub. Məbəddə yeni ekspozisiya açılıb.Yeni saytımızda Atəşgah barədə məlumatlarla tanış ola bilərsiniz.
Məbəddə əsaslı bərpa işləri aparılıb.Müasir texnologiyaya uyğun olaraq Atəşgahın ümumi görkəmi pozulmayıb, qədimliyi saxlanıb, indi əla vəziyyətdədir. İnzibatı bina və muzey inşa edilib.Turistlərin rahatlığı üçün çayxana, yeməkxana və suvenir mağazası tikilib. Keçən ilə nisbətən Atəşgaha turist axını çoxalıb. Hər gün müxtəlif xarici ölkələrdən gələn qonaqlar bir-birinin ardınca bu müqəddəs məbədi ziyarət edirlər.
Bu günlər bütün Azərbaycanı dolaşan əbədi od rəmzi olan məşəl Avropa Oyunlarının başlanması üçün start xəttinə yaxınlaşır. Belə bir fikir də var ki, bundan sonra keçiriləcək Avropa Oyunlarının da məşəli bizim Atəşgahdan götürüləcək. Bu, çox böyük tarixi hadisədir.
Afət SADIQOĞLU,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.