Birinci Avropa Oyunlarının məşəli Şabranda

Birinci Avropa Oyunlarının məşəli iyunun 4-də Şabrana gətirilib.

Məşəl Şabran şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.

Məşəl Əməkdar məşqçi Telman Bayramov tərəfindən qəbul olundu. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə, Zərifə Əliyeva küçələri və Heydər Əliyev prospekti boyunca 2 min 400 metr məsafə qət etdilər. Sonuncu məşəlçi, Əməkdar məşqçi Asif Abdullayev Heydər Əliyev prospektində quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Şabranlılar məşəlin alovlandırılmasını böyük coşqu ilə qarşıladılar.

Şabranlı gənc Günel Zeynalova Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx nümayiş etdirildi.  

Bununla da Şabran birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 57-ci yaşayış məntəqəsi oldu.

Qarşılanma mərasiminin iştirakçısı, “Şabran” qəzetinin baş redaktoru Çingiz Məmmədov AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsini çox yüksək nailiyyət kimi qiymətləndirdi: “Odlar yurdu Azərbaycan böyük bir təntənə yaşayır. Birinci Avropa Oyunlarının məşəli Vətənimizi qarış-qarış gəzir. Xalqımız bu möhtəşəm idman bayramını böyük coşqu və sevinclə qarşılayır. Belə bir mötəbər yarışın keçirilməsi üçün namizədlər arasından ölkəmizin seçilməsi böyük uğurdur. Sevindirici haldır ki, məşəlin alovlandırıldığı rayonlar arasında qədim tarixə malik Şabran da var. Biz şabranlılar birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini yekdilliklə dəstəkləyir və idmançılarımızdan qələbələr gözləyirik”.

Şabranlı gənc Nurlanə Hacıyeva isə birinci Avropa Oyunlarının ölkəmizə turistlərin cəlb olunması üçün əla imkanlar yaratdığını bildirdi: “Təkcə Avropadan deyil, bütün dünya ölkələrindən bu mötəbər yarışı izləməyə gələcəklər. Turistlər Bakını gəzəcək, regionlarımıza səfər edəcəklər. Bu, ölkəmizin tanıdılması baxımından əla fürsətdir. Yarışlara gəlincə, mən gimnastlarımızı maraqla seyr edəcəm. Onların yüksək səviyyədə çıxış edəcəyinə inamım böyükdür. Onlarla yanaşı, bütün təmsilçilərimizə uğurlar arzulayıram”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında