İqor LEVİTİN: Ən yaxşı Atletlər kəndi Bakıdadır

İyunun 3-də Moskva vilayətindəki “Ozero Kruqloye” məşq mərkəzində Rusiya komandasının Bakıya tarixdə ilk Avropa Oyunlarına təntənəli yola salınması mərasimi keçirilib.

Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov idmançılara müraciət edərək  bildirib ki, birinci Avropa Oyunlarında iştirak etmək onlar üçün böyük şərəfdir. Onun sözlərinə görə, ilk dəfə Bakıda keçiriləcək Oyunlar gələcəkdə Avropanın əsas idman yarışlarına çevriləcək. ROK-un prezidenti vurğulayıb ki, Bakı Avropa Oyunlarına ciddi hazırlaşır. Yarışlarda iştirak edəcək komandalarda güclü idmançılar təmsil olunublar.

A.Jukov deyib: “Bakı füsunkar şəhərdir, burada gözəl idman qurğuları inşa edilib, bayram əhval-ruhiyyəsi yaradılıb. Zənnimcə, bu yarışlar böyük idman bayramına çevriləcək. Əminəm ki, Olimpiya Oyunlarında olduğu kimi, burada da komandamız idmanın çox növündə qələbə uğrunda  mübarizə aparmaq iqtidarındadır. Mən hamınıza Bakıda uğurlu çıxış etməyi, adınızı Avropa idmanı  tarixinə yazmağı və dəfələrlə etdiyiniz kimi, ölkəmizə idman şöhrəti gətirməyi arzu edirəm”.

Rusiya Prezidentinin köməkçisi İqor Levitin bildirib ki, iki il yarım ərzində Azərbaycanda çox böyük işlər görülüb. İdman infrastrukturu qurulub, yaxşı nəqliyyat logistikası yaradılıb. İ.Levitin deyib: “Ən yaxşı Atletlər kəndi Bakıdadır. Onu yalnız Soçidəki Olimpiya kəndi ilə müqayisə etmək olar”.  Rusiya Olimpiyaçılarına Dəstək Fondunun Bakıya 50 idman veteranı göndərdiyini bildirən İ.Levitin deyib: “Onların arasında çox tanınmış adamlar - Olimpiya və dünya çempionları  var. Onlar yığmamızın mübarizə ruhunu yüksəltməyə kömək edəcəklər. Veteranların azarkeşlərlə görüşlər keçirməsini də planlaşdırırıq. Atletlər kəndində ”Rus evi" açılacaq. Burada sizi gözləyəcəyik, siz isə idman veteranları və başqa ölkələrdən olan dostlarınızla ünsiyyət saxlaya biləcəksiniz”.

İdmançıların birinci Avropa Oyunlarında iştirak etmək kimi tarixi missiyanı yerinə yetirəcəklərini bildirən Rusiya idman nazirinin müavini Yuri Naqornıx deyib: “Aranızda dünya idmanı tarixinin yeni səhifələrini açmaq xoşbəxtliyi nəsib olanlar var. Komandanın heyətində Olimpiya Oyunlarında iştirak edib müxtəlif medallar qazanmış çoxlu idmançı, o cümlədən Rusiya gimnastı, Rusiyanın Əməkdar idman ustası, dünya və Avropa çempionu, 2010-cu ildə yeniyetmələr arasında birinci Olimpiya Oyunlarının qalibi olmuş Viktoriya Komova var”.

Ənənəyə görə, yolasalma mərasimində idmançılara Olimpiya bayrağı verilib. Rusiya yığmasının Olimpiya bayrağı bu dəfə gimnast, Olimpiya çempionu, üçqat dünya və Avropa çempionu Aliyə Mustafinaya təqdim olunub. O bildirib ki, ölkəni birinci Avropa Oyunlarında təmsil etmək rusiyalı idmançılar üçün böyük şərəfdir. A.Mustafina deyib: “Əminəm ki, hər birimiz yüksək nəticələr əldə etməyə çalışacağıq”. 

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında