“Azərbaycan bu tədbirə ev sahibliyi etməklə paytaxtını dünya mərkəzləri sırasına çıxaracaq”

CNN telekanalının internet səhifəsində iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı məqalə yayılıb. Məqalənin müəllifi Kris Borq Avropa Oyunlarının əhəmiyyətindən bəhs edir, Azərbaycan, xüsusilə Bakı şəhəri haqqında məlumat verir.

Məqalədə bildirilir ki, Avropa Oyunlarında 50 ölkədən 6 mindən çox atlet bir araya gələcək. 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin (AOK) Roma şəhərində keçirilən Baş Assambleyasında dörd ildən bir təşkil ediləcək Avropa Oyunlarının birincisinin məhz Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilib. Beləliklə, 1951-ci ildən keçirilən Asiya və Panamerika Oyunları ilə yanaşı, artıq Avropada da multi-idman turniri təşkil ediləcək. Avropa Oyunlarında 50 milli olimpiya komitəsinin təmsilçiləri medallar uğrunda mübarizə aparacaqlar. İyunun 12-də Oyunların açılış, 28-də isə bağlanış mərasimləri keçiriləcək. AOK bəyan edir ki, bu yarış Olimpiya Oyunlarının təkrarı olmayacaq, idman dəyərlərinin cazibəsini daha da artırmaq üçün bir vasitəyə çevriləcək. 

   Diqqətə çatdırılır ki, Oyunların keçirilməsi barədə qərar qəbul edildikdən sonra AOK-da yarışın proqramına daxil ediləcək idman növləri barədə müxtəlif təkliflər irəli sürüldü. Ümumilikdə, Avropa Oyunlarının idman proqramına 16-sı Olimpiya idman növü olmaqla 20 idman növü daxildir. Su idman növləri, kamandan oxatma, atletika, badminton, cüdo, voleybol, boks, kanoe, velosiped, qılıncoynatma, gimnastika, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon və güləş tanış Olimpiya idman növləridir. Debütantlar isə 3x3 basketbol, karate, çimərlik futbolu və sambodur. Müəllif bu idman növləri haqqında da ətraflı məlumat verir.

Vurğulanır ki, Avropa Oyunlarında idmançıların həm ölkələri üçün medal qazanmaq, həm də 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya əldə etmək imkanı olacaq. Ümumilikdə, Bakıda 253 dəst medal uğrunda mübarizə aparılacaq. Bu Oyunların Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edildikdən sonra ölkə daha çox diqqət mərkəzinə çevrildi.

Qeyd edilir ki, Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin ən böyük şəhəri, Şərqin və Qərbin qovuşuğunda yerləşən Bakı zəngin neft yataqlarına və təbii sərvətlərə malikdir. Göz oxşayan bu şəhərin mərkəzində çoxlu biznes mərkəzləri, parklar var. Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətini vurğulayan müəllif bildirir ki, ölkə bu tədbirə ev sahibliyi etməklə paytaxtını dünya mərkəzləri sırasına çıxaracaq.

Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyanın “The Guardian” qəzetinə müsahibəsindən sitat gətirilərək idmanın və mədəniyyətin əhəmiyyəti vurğulanır. Nazirə istinadən bildirilir ki, idman müxtəlif xalqların nümayəndələrinin yaxınlaşması üçün böyük potensiala malikdir.

Yazının sonunda 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına Niderlandın ev sahibliyi edəcəyi diqqətə çatdırılır.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında