“Bakı bu gün Panamerika Oyunlarının analoqunu yaradır”

“Bütün Avropanı əhatə edəcək birinci, yay, Bakı Oyunlarının təşkil olunacağı 18 idman obyektindən beşi – Milli Gimnastika Arenası, Velopark, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Mərkəzi və Olimpiya Stadionu məxsusi olaraq “Bakı-2015” üçün tikilib...

Müasir Bakı tükənməz Asiya dəyərlərinin daşıyıcısı, Avropa şıqlığına və şuxluğuna malik, qaynar Qafqaz temperamentli və  özünün  postsovet həyat tərzini yaşayan bir şəhərdir... Heydər Əliyev adına Beynəlxalq Aeroporta düşərkən  mütləq öz-özünə sual edirsən: Mən doğrudanmı Azərbaycandayam? Çünki bu şəhər daha çox Dubaya və ya Sinqapura oxşayır”.

“RİA Novosti”nin müxbiri Yuliya Petroviç Azərbaycan paytaxtında keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı materialını belə bir girişlə başlayır.  Müəllif  bu möhtəşəm tədbirin adına   sıra sayı bildirən “birinci”sözü ilə yanaşı, “yay Oyunları”, “Bakı Oyunları” kimi epitetlər də əlavə edir. Yazır ki, “Brilyant əl” bədii filminin xarici turizm səhnələrinin çəkildiyi Bakı şəhəri bu gün tamamilə başqa görünüşdədir. İndi həmin ünvanlarda hər gün yüzlərlə xarici turist şəkil çəkdirir. İşgüzar dairələrin yerləşdiyi çoxmərtəbəli binaların şüşələrində məscidlərin minarələrinin əksi görünür.  Fontanlar meydanında yorulmadan  şəkil  çəkən və çəkdirən turistlərin qarışıq dillərdəki, həm də, əmin-arxayınlıqdan yaranan hay-küylü danışıqları, çoxlarına müxtəlif müsabiqələrdən tanış olan “Kristal Zal”ın işıqları və bütün bunların fonunda alov dillərini andıran təmtəraqlı göydələn mehmanxana üçlüyü möcüzə və ya nağıl təəssüratı yaradır. Amma, nədən yazsaq da, bizi daha çox heyrətləndirən məsələyə – birinci Avropa Oyunlarına hazırlığın sürətinə qayıtmaq zorunda qalırıq.

Bu hazırlıqdan geniş şəkildə söz açan müəllif yazır ki, bir sözlə, Bakı bu gün Avropa ölkələrinin hamısındakı Milli Olimpiya komitələrinin  diqqət mərkəzindədir. İyunun 12-dən sonra isə bu şəhər beynəlxalq yayımlar vasitəsilə bütün avropalıların “evində olacaq”. Çünki Azərbaycan paytaxtı bu gün Panamerika Oyunlarının  ( 1951-ci ldən etibarən dörd ildə bir dəfə keçirilən,  Amerika qitəsinin hər iki kontinentini  əhatə edən, əsasən, Olimpiya idman növlərindən ibarət beynəlxalq kompleks idman yarışları nəzərdə tutulur - red.) analoqunu yaradır.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında