Spiros KAPRALOS: Təşkilat Komitəsi həqiqətən qeyri-adi bir layihəni ortaya qoya bilib

Bu günlərdə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun bu qurumun internet saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı müraciəti yayımlanmışdır.  Müraciətdə deyilir:

“Əziz dostlar! Biz bu il 12-28 iyunda Azərbaycan paytaxtında keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq işlərinin final mərhələsinə daxil olmuşuq.

“Bakı-2015” idmanın  Olimpiya və qeyri-olimpiya yarışları üzrə 20 növündə 6 min atleti bir araya toplayan möhtəşəm hadisədir. Bu gözəl ideya onu böyük entuziazmla qarşılayan və uğuru üçün son dərəcə həvəslə və səmərəli çalışan Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, çox hörmətli Mehriban Əliyevanın, ilk növbədə, təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük qayğı və tam dəstəyi ilə reallaşır.

Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunları üzrə Koordinasiya Komitəsinin prezidenti kimi mən son aylar ərzində bu mühüm tədbirə hazırlıq işlərinin monitorinqini həyata keçirmək məqsədilə dəfələrlə Bakıya səfərlər etmişəm və dərin məmnunluq hissi ilə etiraf edirəm ki, hər dəfə buradakı Oyunların keçiriləcəyi idman obyektlərinin ən müasir innovasiyalar tətbiq edilməklə mükəmməl keyfiyyətinə, eləcə də müqayisəyəgəlməz Azərbaycan qonaqpərvərliyinə heyran qalmışam”. 

Müraciətdə daha sonra deyilir ki, birinci Avropa Oyunlarının Təşkilat Komitəsi həqiqətən qeyri-adi bir layihəni ortaya qoya bilib. İnanıram ki, “Bakı-2015” qitənin Olimpiya hərəkatına yeni keyfiyyət meyarları gətirəcəkdir.

Yunanıstan Milli Olimpiya Komitəsinin (YMOK) prezidenti sözügedən müraciətində həmçinin vurğulayıb ki,  YMOK rəhbərliyi gərgin səylər göstərərək qədim Olimpiya Vətəni – Yunanıstanın Bakı yarışlarında mümkün qədər ən yaxşı və ən güclü idmançılarla təmsil olunmasına çalışmışdır. Cənab S.Kapralos sonda əmin olduğunu bildirmişdir ki,  Yunanıstanın birinci Avropa Oyunlarında iştirak edəcək  135-dən çox atleti ölkə idmanını Azərbaycan paytaxtında şərəflə təmsil edəcək, atletlər bunun üçün bütün qüvvə və bacarıqlarını səfərbər edəcəklər. 

Qeyd edək ki, hələ 2800 il əvvəl qədim Yunanıstan dünya tarixində ilk Olimpiya Oyunları keçirməklə bəşər sivilizasiyasına böyük töhfə vermişdir. Qürurverici haldır ki, Yunanıstan MOK-un rəhbərliyi, şəxsən S.Kapralos birinci Avropa Oyunlarının Bakıda uğurla keçiriləcəyi ilə bağlı həm Azərbaycan, həm də Qərb mətbuatında dəfələrlə maraqlı və dəyərli fikir və mülahizələr söyləmişdir.

Məsələn, iki həftə əvvəl cənab S.Kapralos “Xalq qəzeti”nə də eksklüziv müsahibə vermişdir. O, həmin yazıda da Bakıda Oyunlara hazırlıq işləri ilə bağlı görülən “fantastik işlərdən son dərəcə məmnun qaldığını” bildirmiş, birinci Avropa Oyunlarının qitədə idmanın kütləviliyinin sürətlənməsi porsesi üçün son dərəcə böyük faydası olacağını vurğulamışdır.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında