Frantisek CHMELAR: Təşkilatçılar Bakıda böyük işlər görüblər

İlk dəfə Bakıda  keçiriləcək  Avropa Oyunlarının açılış tarixi yaxınlaşdıqca nəinki ölkəmizdə, bütün Avropada bayram əhval-ruhiyyəsi artır, qitənin bütün diqqəti bu möhtəşəm idman hadisəsinə  cəmlənir. “Köhnə dünyanın” idmana böyük önəm verən ölkələrindən biri olan Slovakiyanın Olimpiya Komitəsinin prezidenti cənab Frantisek Chmelar Oyunlarla bağlı düşüncələrini, gözləntilərini qəzetimizlə bölüşdü. Onun “Xalq qəzeti” üçün eksklüziv müsahibəsini təqdim edirik.

– Avropa Oyunlarının keçirilməsinin vacibliyini necə qiymətləndirirsiniz?

– Bildiyiniz kimi, planetin idman tarixi ilk dəfə Avropadan başlayıb. Qitəmiz yüzillərlə dünya idman arenasının ən güclüsü olub. Lakin son dövrlərdə digər qitələr bu sahədə bizi üstələmişdilər. Hesab edirəm ki, ayrıca Avropa Oyunlarının təsis olunması qitəni idmanda əvvəlki kimi güclü edərək  Avropada idmanın səviyyəsini artıracaq.

Bu hadisə həmçinin müxtəlif idman növlərində elit idmançıların 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına hazırlığı və təsnifatı üçün mühüm mərhələdir. Ümid edirəm ki, bu yeni və mühüm idman turniri avropalı atletlərə öz olimpiya motivasiyalarını yüksəltməyə yardımçı olacaq. Bakıda toplayacaqları geniş və fərqli təcrübə xüsusən də gənc idmançılar üçün Olimpiya Oyunlarında böyük üstünlük olacaq.

– Slovakiyanın Avropa Oyunlarına hazırlığı barədə nə deyərdiniz?

– Slovakiya komandası üçün bu, çox mühüm tədbirdir. Xüsusən də növbəti ildə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşan atletlərimiz üçün Bakı turnirində qazanacaqları nəticələr, uğurlar çox vacibdir. Bizim ölkəmizdə ən çox inkişaf etmiş 3 idman növündən ikisi-güllə atıcılığı və kanoedə sprint avarçəkmə oyunları “Bakı-2015"in proqramına daxil edilib. Bu idman növlərində medal qazanmağa xüsusilə iddialıyıq.

Eyni zamanda üçnövçülük, kamandan oxatma, güləş, karate, cüdo, boks, gimnastika, stolüstü tennis, velosiped idmanı üzrə bir çox mötəbər turnirlərin qalibi olmuş idmançılarımız da Bakıda yarışacaqlar. 

– Avropanın ilk idman yarışının Bakıda keçirilməsinə münasibətiniz necədir?

– Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi o deməkdir ki, siz bu oyunların gələcəkdə də necə düzənlənməsi standartlarını müəyyənləşdirmiş ola bilərsiniz. Müşahidələrimdən çixış edərək əminliklə deyə bilərəm ki, bu standartlar çox yüksək səviyyədə olacaq.

Təşkilatçılar Bakıda böyük işlər görüblər. Hesab edirəm ki, Bakı Avropanın ilk idman bayramının fövqəladə dərəcədə gözəl keçməsi üçün hər şey edir. Mən şəhərinizdə möhtəşəm idman tamaşasına şahid olacağıma ümid edirəm. Və ümid edirəm ki, bu tamaşa təhlükəsiz və isti atmosferdə keçəcək.

Bəzi idman yarışlarının açıq səma altında keçəcəyini nəzərə alaraq sizlərə əlverişli hava şəraiti və bol-bol uğur arzulayıram.

Aida AYSA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında