Andjey KRASNİSKİ: Azərbaycan Avropa Oyunları tarixində yüksək keyfiyyət standartları müəyyən edəcək

Müsahibim Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Krasniskidir.

– Cənab Krasniski, sizcə, birinci Avropa Oyunları hansı zərurətdən doğdu? 

– Biz avropalılar çox sevinməliyik ki, nəhayət, Asiya, Amerika, Afrika qitələrində olduğu kimi, bizdə də artıq Olimpiya Oyunlarına bərabər möhtəşəm idman yarışlarına start verilir. Bu dəyərli təşəbbüs 2012-ci ildə Avropa Olimpiya Komitəsinin rəhbərliyi tərəfindən qitənin idman hərəkatındakı boşluğu doldurmaq məqsədi ilə irəli sürülüb və əminəm ki, bu mühüm prosesin böyük fayda verəcəyini Avropanın əksər idman federasiyaları yaxşı dərk edirlər.

Bir məqama da toxunmaq istərdim. Düşünürəm ki, Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi heç də təsadüfi deyil. Axı, Azərbaycanda idmanın davamlı inkşafı sahəsində həqiqətən böyük işlər görülüb. Bu sahədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin liderliyi xüsusilə dərin rəğbət doğurur və çox qürurverici faktdır. 

Avropa Oyunlarının təşkilinin əsas məqsədi qitədə idmanın inkişafını təşviq etmək, onun daha da kütləviləşməsinə nail olmaqdır. Bu il Bakıda Oyunların yüksək səviyyədə keçirilməsinin qitə idmançıları üçün faydalı cəhətləri çoxdur. Onlardan biri də budur ki, Oyunlar 2016-cı il Rio-de-Janeyro Olimpiadası ərəfəsində avropalı idmançılar üçün “baş məşq” olacaq və onlar daha yüksək uğurlar əldə etmək üçün zəngin təcrübə əldə edəcəklər.

– Polşa idmançıları  idmanın bir çox növündə ənənəvi olaraq yaxşı nəticələr əldə edirlər. Ölkə idmançılarının Bakı yarışlarına hazırlıq səviyyəsi hazırda sizi qane edirmi?

– Xoş sözlərinizə görə təşəkkür edirəm. Həqiqətən, idmançılarımız birinci Avropa Oyunlarına böyük məsuliyyət hissi ilə yanaşırlar. Qeyd etmək istəyirəm ki, bizim İdman və Turizm Nazirliyi yarışların xüsusi əhəmiyyətini nəzərə alaraq idmançıların hazırlığı üçün kifayət  qədər vəsait ayırıb. Biz ümid edirik ki, idmançılarımız Bakıda yaxşı nəticələr əldə edəcəklər. Bakı yarışları ilk dəfə keçirildiyi üçün buradakı nəticələri əvvəlki göstəricilərlə müqayisə etmək mümkün deyil. Amma növbəti yarışlarda Bakıdakı uğurlar əsas meyarlara çevriləcək. 

– Rəhbərlik etdiyiniz komitənin Azərbaycan Olimpiya Komitəsi ilə əlaqələri nə səviyyədədir? Yeri gəlmişkən,  Oyunların təşkilatçılarına və idmançılara hansı arzu və tövsiyələriniz var?

– AOK çərçivəsində bizim bütün milli olimpiya komitələri, o cümlədən Azərbaycan Milli Olimpiya Komitəsi ilə çox səmimi və işgüzar əlaqələrimiz var. Mən xatırlayıram ki, Azərbaycan Avropa Oyunlarını təşkil etmək üçün öz namizədliyini irəli sürəndə, tələb olunan nəhəng hazırlıq işlərini həyata keçirmək  üçün çox qısa vaxt qalmışdı. Lakin xəbərim var ki, ölkənizdə son iki il yarımda bu istiqamətdə fantastik işlər görülüb. Həmçinin, məlumatım var ki, Bakıdakı “Olimpiya kəndi”ndə idmançıların yarışlara yüksək səviyyədə hazırlaşmaları və istirahət edərək qüvvələrini bərpa etmələri üçün əla şərait yaradılıb. İnanıram ki, Azərbaycan Avropa Oyunları tarixində yüksək keyfiyyət standartları müəyyən edəcək və bunun sonrakı yarışlar üçün böyük faydası olacaq.

Mən təşkilatçılara dərin təşəkkürümü bildirirəm və bütün idmançılara uğurlar arzulayıram. Ümid edirəm ki, ən güclülər və ən əzmkarlar Bakıda tam ədalətli idman mübarizəsində qələbə çalacaqlar.

– Yəqin ki, siz də şəxsən Bakıya təşrif buyuracaqsınız, deyilmi?

– Əlbəttə, gələcəyəm. Belə gözəl idman bayramını görmək şansını əldən necə vermək olar?! Bakıda görüşənədək!

 

Müsahibəni qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında