Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın şimal qapısı Qusarda

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli iyunun 1-də Azərbaycanın şimal qapısı sayılan Qusara gətirilib.

Məşəl Heydər Əliyev Mərkəzinin qarşısında qurulan Oyunların rəmzi qapısında alqışlarla qarşılandı.

Məşəl kik-boksinq və universal döyüş üzrə Azərbaycan çempionu Elşən Şükürov tərəfindən qəbul olundu. Bunun ardınca 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Mirzə Vəliyev, Nurəddin Şərifov, general Mahmud Əbilov və Fəxrəddin Musayev küçələrindən keçməklə şəhərin mərkəzi meydanına gəldilər. Taekvondo üzrə Azərbaycan çempionu Vasif Qurbanov general Mahmud Əbilovun adını daşıyan meydanda quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı. Qusarlılar məşəlin alovlandırılmasını böyük coşqu və alqışlarla qarşıladılar.

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx mərasim iştirakçılarına təqdim olundu.  

Məşəldar Zeynal Əsgərov müsahibəsində Qusarın bu gün çox əlamətdar bir hadisəyə şahidlik etdiyini bildirdi: “Başqa ölkələrdə keçirilən bu cür mərasimləri həmişə televizordan izləmişik. Həmişə düşünürdüm ki, görəsən, bizim ölkəmizdə də belə bir mötəbər yarış keçirilə bilərmi? İndi görürəm ki, xəyallarımız gerçəkləşir. Azərbaycanın gündən-günə inkişaf etməsi beynəlxalq arenada nüfuzumuzu daha da artırır. Bunun nəticəsində də ölkəmizə etimad göstərilir və güvənilir. Həmişə televizorda həsrətlə izlədiyim o möhtəşəm anlar bu gün rayonumuzda da keçirildi. Biz nəinki izləyici, hətta mərasimin birbaşa iştirakçısı olmaq imkanı qazandıq. Hisslərimi sözlə ifadə etməyə çətinlik çəkirəm. Çox sevincliyəm”.

“On gündən sonra birinci Avropa Oyunları başlayır. Təşkilati məsələlərin gedişini fəxrlə izləyirik. Yarışlar başlayandan sonra isə həyəcanla idmançılarımızın çıxışını izləyəcəyik. Mötəbər turnirdə Qusarın idman yetirmələri də qüvvələrini sınayacaqlar.  Əminəm ki, Azərbaycan idmançıları şərəflə mübarizə aparıb, himnimizi səsləndirəcəklər”. Bu fikirləri isə Qusar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xatirə Nağıbəyova bildirib. Qarşılanma mərasiminin iştirakçısı dedi: “Qədim Atəşgah məbədində alovlandırılan məşəl nəhayət ki, rayonumuza da qədəm basdı. Gördüyünüz kimi, uşaqdan-böyüyə hamı bu günü ən əziz bayram kimi qeyd edir. Arzu edirəm ki,  düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad olunsun və bu cür bayram tədbirlərini Qarabağda qeyd edək”.

Qusardan sonra birinci Avropa Oyunlarının məşəli Quba rayonuna yola salındı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında