Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basdı

Mayın 31-də birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Azərbaycanın şimal bölgəsinə qədəm basdı.

Bu regionda məşəlin ilk qarşılanma mərasimi dağlar qoynunda yerləşən, əsrarəngiz təbiətə malik Xızı şəhərində keçirildi.

Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılandı. Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olundu. Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edib ümummilli liderin adını daşıyan parka gəldilər. Burada quraşdırılan səhnəyə qalxan Fəxri bədən tərbiyəsi və idman işçisi, Giləzi qəsəbə tam orta məktəbinin fiziki hazırlıq müəllimi Elmik Məmmədhəsənov məşəli alovlandırdı. Məşəlin alovlandırılmasını izləyən xızılılar bu tarixi hadisəni alqışlarla qeyd etdilər.

Sonra isə Avropa Oyunlarının çırağı yandırıldı və yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı maraqla izlədilər.

Qarşılanma mərasiminin birbaşa iştirakçısı olan məşəldar Ağəli Əsgərov tarixi hadisənin sevincini bölüşərək bildirdi ki, bu, onun həyatında ən yaddaqalan günlərdən biridir: “Bu mötəbər yarışın Azərbaycanda keçirilməsinin əhəmiyyətini illər keçdikcə daha dərindən anlayacağıq. İndi ilk Olimpiya Oyunlarından danışanda  Yunanıstan, futbol üzrə ilk dünya çempionatından bəhs edəndə Uruqvay yada düşürsə, birinci Avropa Oyunları haqqında danışılanda da Azərbaycanın adı çəkiləcək. Mən bununla qürur duyuram. Bütün həmvətənlərimiz ölkəmizlə fəxr edir”.

Xızı rayon Mədəniyyət və turizm şöbəsinin metodisti Məsmə Nuriyeva da əlamətdar hadisənin iştirakçısı olduğu üçün özünü xoşbəxt saydığını bildirdi: “Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili bütün dünyaya Azərbaycanın necə qüdrətli dövlət olduğunu bir daha göstərəcək. Ölkəmizin bütün vətəndaşları Prezident İlham Əliyevin ətrafında sıx birləşib, Vətənimizin daha da güclənməsi üçün çalışırlar. Uğurlarımız daha da çox olacaq.  Mötəbər turnirdə iştirak edəcək idmançılarımıza uğurlar diləyirəm”.

Güləş üzrə məşqçi-müəllim Variz Rzayev xoş təəssüratlarını AZƏRTAC-la bölüşərək dedi: “Məşəlin Xızıda alovlandırılacağı günü səbirsizliklə gözləyirdik. Mərasimin necə coşqu ilə keçdiyinin şahidi olduq. Artıq 11 gündən sonra ölkəmizdə Avropanın ən mötəbər yarışına start veriləcək. İdmançılarımızın uğurları ilə bərabər birinci Avropa Oyunlarına ev sahibliyi etməkdən də böyük zövq alacağıq”.

Xızı birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi oldu.

İyunun 1-də Qusar və Quba rayonlarında məşəlin qarşılanma mərasimi olacaq. Günün sonunda isə Quba şəhərində möhtəşəm Alov festivalı keçiriləcək.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında