Ağsulular “Bakı-2015”-in məşəl estafetini böyük coşqu ilə qarşıladılar

“Bakı-2015” birinci Avropa Oyunlarının məşəli mayın 29-da Ağsuya gətirilib və burada minlərlə sakinin iştirakı ilə möhtəşəm qarşılanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının məşəli şəhərin gül-çiçəklərlə bəzədilən, Azərbaycanın üçrəngli bayraqlarının dalğalandığı Heydər Əliyev prospektinin girişində, Oyunların rəmzi qapısında qarşılandı. Məşəl rayon sakini, fəal gənc Elnur Fərzəlizadə tərəfindən qəbul edildi.

Sonra 10 nəfər məşəli növbə ilə bir-birinə ötürərək yolboyu düzülən ağsuluların alqışları ilə Heydər Əliyev prospekti, Üzeyir Hacıbəyli küçəsindən keçməklə şəhərin mərkəzindəki Heydər Əliyev parkına gəldilər.

Ağsu Rayon Uşaq Gənclər İdman Məktəbinin direktoru Cəmil Atakişiyev səhnəyə qalxaraq məşəli alovlandırdı. Kikboksinq üzrə dördqat dünya və Avropa çempionu Elşad Ələsgərov birinci Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Sonra birinci Avropa Oyunlarının məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Məşəlin qarşılanması münasibətilə təşkil olunan konsert, müğənni və rəqqasların bir-birini əvəz edən çıxışları iştirakçılara bayram sevinci yaşatdı.

Qarşılanma mərasimindən aldığı xoş təəssüratları AZƏRTAC-ın müxbiri ilə bölüşən ziyalı Şəfəq Balıyeva dedi: “İndi Ağsuda əsl məşəl təntənəsi yaşanır. Gündən-günə gözəlləşən rayonumuz ilk Avropa Oyunlarının məşəlini qarşıladı. Bu hadisə Ağsunun tarixində yaddaqalan? ən unudulmaz günlərdən biri olacaq. Doğma Vətənimiz ta qədim dövrlərdən bəri sülhə, dostluğa xidmət edən bir diyar olub. Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi məhz ölkəmizin barışa, dostluğa necə önəm verməsinin sübutudur. Bu Oyunlar öz miqyasına, möhtəşəmliyinə görə dünya idman tarixində yeni bir səhifə açacaq”.

Məşqçi-müəllim Mübariz Məmmədov isə sevincini belə ifadə etdi: “Uzun illərdir ki, məşqçi-müəllim işləyirəm. Neçə-neçə yetirməm respublika və beynəlxalq yarışlarda ad qazanıb. Onların hər uğuru mənə sonsuz fərəh, iftixar gətirib. Amma etiraf edim ki, bugünkü kimi sevinc hissləri yaşamamışam. Ölkəmizin iqtisadi qüdrəti, respublikamızın bölgələrində tikilən nəhəng Olimpiya mərkəzləri, idman kompleksləri, beynəlxalq turnirlərdə qazandığımız yüksək titullar Azərbaycanımızı dünya idman arenasında tanıdıb.  Bütün bunlar birinci Avropa Oyunları kimi nəhəng bir beynəlxalq tədbirə məhz Azərbaycanın ev sahibliyi etməsinə səbəb olub. Heç şübhə yoxdur ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ çox-çox bu cür unudulmaz tarixi günlər yaşayacaq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında