Patrik HİKKİ: Yay və ya qış oyunlarına hazırlıq üçün normal müddət yeddi ildir

Azərbaycan isə bu işin öhdəsindən cəmi 30 aya gəlib

Gənc, müstəqil bir dövlət olan Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq sahəsində qısa zaman kəsiyində görülən işlərin həcmi, sürəti və miqyası dünyanın nüfuzlu siyasətçiləri və idman mütəxəssislərini heyrətə gətirir. Oyunlar yaxınlaşdıqca qlobal mediada, eləcə də sosial şəbəkələrdə bu mövzuda bir çox görkəmli insanlar tərəfindən çox dəyərli rəy, fikir və mülahizələr səsləndirilir. 

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki dəfələrlə vurğulayıb ki, “baxmayaraq ki, yay yaxud qış olimpiya oyunlarına hazırlıq üçün normal müddət yeddi ildir, Azərbaycan bu möhtəşəm işlərin öhdəsindən cəmi 30 aya gəlib. Cənab P.Hikkidən başqa bir sitat: Azərbaycan ona görə seçilib ki, Prezident İlham Əliyev, sadəcə, “Biz bunu edəcəyik” yox, “Biz bunu 30 aya edəcəyik”,- dedi.

Bəli, Oyunlara hazırlıq müstəsna dərəcədə qısa vaxtda keçirilib. Lakin AOK-un rəhbəri əmindir ki, bu, Bakıda inşa edilən obyektlərin keyfiyyətinə və infrastrukturun səviyyəsinə təsir göstərməyib. Cənab Hikki AOK-un özəl informasiya saytında, çoxsaylı müsahibələrində Bakıda Oyunlara hazırlıq çərçivəsində görülən işlərin analoqu olmadığını vurğulayır. Onun fikrincə, Azərbaycanın çox enerjili,  xarizmatik lideri İlham Əliyevin ölkədə stadionların və digər idman qurğularının tikintisinə şəxsən nəzarət etməsi çox təqdirəlayiq hal olaraq dövlət başçısının idmana nə qədər böyük qayğı və diqqət göstərdiyinə dəlalət edir.

 Bu günlərdə İsveçrədə rus dilində ilk gündəlik internet nəşri olan “Naşa qazeta”nın çap əlavəsində Azərbaycanda keçiriləcək yarışlara həsr olunmuş geniş material dərc olunub. Orada  birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqlə çox maraqlı müsahibə də yerləşdirilib. O xatırladıb ki, Avropanın idman gücü və kommersiya qüvvəsinə baxmayaraq, müxəlif idman növlərinin iştirak etdiyi Avropa Oyunları bu vaxta qədər yox idi. Cənab Kleq bəyan edib: “Bizim bəxtimiz onda gətirdi ki, İlham Əliyev ölkə Prezidenti olmazdan əvvəl Azərbaycan Olimpiya Komitəsinin prezidenti idi. O, idmanın nə olduğunu və siyasi məqsədlərə çatmaq üçün ondan necə istifadə etmək lazım olduğunu çox gözəl bilir”.

Yeri gəlmişkən, Saymon Kleq sıradan bir idman mütəxəssisi və təşkilatçısı deyil. Onun bioqrafiyasında 2012-ci il London Olimpiadasının, bir sıra digər nüfuzlu qlobal idman tədbirlərinin yüksək səviyyədə təşkili kimi parlaq səhifələr var. Bu təcrübəli mütəxəssis onun üzərinə düşən böyük məsuliyyətin fərqindədir: “Mənə 24 yaşı olan və özünü beynəlxalq oyunçu kimi təqdim etməyə çalışan gənc ölkə üçün böyük əhəmiyyətə malik bir layihə tapşırılıb. Mənə elə gəlir ki, komandamızın 1300 üzvü ilə birlikdə – onlardan 387 nəfəri azərbaycanlı deyil, 43 millətin nümayəndəsidir – Azərbaycanın beynəlxalq nüfuzunun ağırlığını çiynimdə daşıyıram. Biz tarix yaradırıq – həm idman, həm də Azərbaycan üçün”.

Almaniya Olimpiya Komitəsinin nümayəndəsi Mixael Vesper isə hesab edir ki, Bakıdakı Oyunlar yarışan idmanşıların və oynanılan  medalların sayı nəzərə alınarsa, sözsüz ki, bu, 2015-ci ilin ən mühüm idman hadisəsi olacaq. Bəli, ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı  Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan ən yaxın günlərdə yeni, möhtəşəm zəfərə imza atmağa hazırlaşır.

Görünən budur ki, Azərbaycan tarix yazır, xüsusilə qürurvericidir ki, tarix məhz Azərbaycanda yazılır! 

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında