Xose Manuel KONSTANTİNO: Bakı yarışlarının Avropada idman hərəkatının inkişafına pozitiv təsiri olacaq

Müsahibimiz Portuqaliya Milli Olimpiya Komitəsinin prezidenti Xose Manuel Konstantinodur.

– Cənab  Konstantino, birinci Avropa Oyunları qitədə idman hərəkatının inkişafına ciddi təsir göstərə bilərmi?

– İnanıram ki, Bakı yarışlarının Avropada idman hərəkatının inkişafına güclü və pozitiv təsiri olacaqdır.   Bəllidir ki, bir çox başqa qitələrdən fərqli olaraq, Avropada geniş profilli idman yarışları keçirilmirdi. Nəhayət, ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı bu müdrik qərar verildi. Düşünürəm ki, birinci Avropa Oyunları uğurlu start götürsə, bu, qitənin, eləcə də dünyanın idman təqvimində mühüm hadisə kimi qala bilər. Şübhə etmirəm ki, məhz belə olacaq.

– Portuqaliya olimpiya hərəkatına rəhbərlik edən bir şəxs kimi, ölkənizin idmançılarının Bakı yarışlarına hazırlıqlarının səviyyəsi barədə fikirlərinizi bilmək maraqlıdır

– Mən tam məsuliyyət hissi ilə deyirəm: Portuqaliyalı idmançılar Bakı yarışlarına çox ciddi hazırlaşıblar. Biz Azərbaycan paytaxtına ən güclü idmançılarımızla gəlirik. Əlbəttə, medal ümidlərimiz olan idmançılarımız çoxdur. Lakin ayrı–ayrı idmançıların hansı qələbələrə iddialı olduqları barədə konkret danışmaq istəməzdim.

Ümid edirəm ki, Bakıda əsl gərgin və ədalətli idman yarışlarının şahidi olacağıq. Mən bütün idmançılara, o cümlədən həmyerlilərimə uğurlar arzulayıram. İnanıram ki, bu yarışların əsl idman bayramına çevrilməsi üçün Portuqaliya idmançıları da öz töhfələrini verəcəklər. 

– Birinci Avropa Oyunlarının təşkilatçılarına hansı tövsiyələriniz və gözləntiləriniz var?

– Birinci olmaq həmişə çətin və məsuliyyətlidir. Azərbaycan dövləti, onun lideri Prezident İlham Əliyev ona xas olan qətiyyət və inamla belə bir böyük məsuliyyəti öz üzərinə götürüb. Əminəm ki, dövlətiniz də, Bakı yarışlarının bilavasitə icraçıları da yüksək səriştə və liderlik məziyyətləri nümayiş etdirəcəklər.

– Nəhayət, sonuncu sual: Bəllidir ki, portuqaliyalı istefada olan hərbçi, 53 yaşlı Jorge Kristovao bu il  aprelin 10-da velosipedlə Lissabondan Bakıya təkbaşına yürüş etməyə başlayıb. Bu barədə əlavə nə deyərdiniz?

– Portuqaliya MOK–un rəhbərliyi Jorge Kristovaonun təşəbbüsünü tam dəstəkləyir. Mən bu cəsur həmyerlimin qeyri–adi yürüşü barədə mütəmadi məlumatlar alıram. Hazırda o, Türkiyə ərazisində, necə deyərlər,  velosipedinin “pedallarını fırladır”. İyunun 10–da, Oyunların açılışına iki gün qalmış özünü Bakıya yetirməlidir.

Yeri gəlmişkən, Jorge Kristovaonun məqsədi Avropada gənclərdə idmana marağı təşviq etməkdir. Xeyirxah missiyadır, deyilmi?!

Müsahibəni qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında