Alov festivalının növbəti ünvanı qədim və müasir Qəbələ oldu

Mayın 26-da Qəbələ rayonunda əsl bayram əhval-ruhiyyəsi yaşandı. Əllərində Azərbaycanın üçrəngli bayrağı, Avropa Oyunlarına aid şüarlar yazılmış plakatlar və gül dəstələri tutan on minlərlə rayon sakini küçələrə çıxaraq “Bakı-2015”-in məşəl estafeti iştirakçılarını böyük sevinclə qarşıladılar.

AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərinin Heydər Əliyev prospektində quraşdırılan “Bakı-2015” ilk Avropa Oyunlarının rəmzi qapısında məşəli bədən tərbiyəsi müəllimi Anar Mustafayev qəbul etdi.

Sonra on nəfər idmançı 2,5 kilometr məsafədə məşəl yürüşünü davam etdirdi. Gənc idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev, Səməd Vurğun küçələrindən keçməklə Heydər Əliyev parkına gəldilər. Qəbələ Olimpiya İdman Kompleksinin məşqçisi Ehsan Nəzirov səhnəyə qalxaraq məşəli alovlandırdı. Birinci Avropa Oyunlarının çırağını isə meydana toplaşanların sürəkli alqışları altında 11-ci sinif şagirdi Bəhram Əhmədzadə yandırdı. Çıraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim olundu.

Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

   Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzinin müəllimi Səbinə Cahangirova ilk Avropa Oyunları məşəlinin Qəbələ şəhərinə gətirilməsindən duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir Azərbaycan vətəndaşı kimi, məni də qürurlandırır. Oyunların məşəlinin bu gün Qəbələ şəhərində yandırılması bizi hədsiz sevindirir. Bu sevinci bizə bəxş etdiyinə görə Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Artıq idman ölkəsinə çevrilən Azərbaycan son illər bu sahədə böyük uğurlara imza atıb. Dövlətimizin başçısı İlham Əliyevin bu sahəyə olan diqqət və qayğısından bəhrələnən idmançılarımız ildən-ilə daha böyük uğurlar əldə edirlər. Bu uğurlarda Qəbələ idmançılarının da xüsusi payı var. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi bizim yeniyetmə və gənclərdə idmana böyük maraq yaradıb. Bu tədbirin rayonumuzda keçirilməsi tarixi bir hadisədir. Arzu edirəm ki, bu gün qədim və müasir Qəbələdə yandırılan alov, tezliklə Qarabağda şölə saçsın”.

Qəbələ rayon Ağsaqqallar Şurasının sədri Nazim İsmayılov birinci Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsinin əhəmiyyətini yüksək qiymətləndirdi: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi ilə Azərbaycan tarixə düşür. Bu Oyunlar Azərbaycanın sürətli inkişafını, xalqımızın milli dəyərlərini və tolerantlığını dünyaya nümayiş etdirəcək. Birinci Avropa Oyunlarının təşkilinin Azərbaycana həvalə edilməsi ölkəmizin beynəlxalq aləmdə yüksək etimad qazandığını göstərir. Oyunların Bakıda keçirilməsi bir daha təsdiqləyir ki, dünyanı cənginə alan iqtisadi böhran Azərbaycanın uğurlu inkişafına təsir etməyib. Əksinə, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsini üzərinə götürməklə dünyada artan nüfuzunu daha da yüksəltmiş, etibarlı tərəfdaş olduğunu bir daha sübut etmiş oldu. Ölkəmizə və idmançılarımıza uğurlar və qələbə arzulayıram”.

Möhtəşəm Alov festivalı, respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı Qəbələ sakinlərinin sevincini daha da artırdı. Sonda atəşfəşanlıq oldu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında