“Bakı 2015”-in məşəli İsmayıllıda bayram təntənəsi ilə qarşılandı

Birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli mayın 26-da İsmayıllı şəhərinə gətirilib.

Şəhərin  girişində, Nizami Gəncəvi küçəsində qurulan I Avropa Oyunlarının rəmzi qapısında məşəlin izdihamlı qarşılanma mərasimi oldu. Mərasimə gələn insanların sürəkli alqışları altında məşəli karate üzrə dünya və Avropa çempionu Bayram Qəhrəmanov qəbul etdi.

Sonra 10 nəfər məşəlçinin yürüşü başlandı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək Nizami Gəncəvi küçəsindən və Heydər Əliyev prospektindən keçməklə 2,82 kilometr məsafə qət edərək, şəhərin mərkəzi meydanına gəldilər.

Burada yürüşçülər musiqi sədaları altında alqışlarla qarşılandılar. Poverliftinq üzrə beşqat dünya və üçqat Avropa çempionu Kamil Qafarov   Mədəniyyət Sarayının qarşısında quraşdırılan səhnəyə qalxaraq  birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. İdman müəllimi Rəvan Qarayev isə ilk Avropa Oyunlarının çırağını  yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.

Mərasimdə aprelin 26-da qədim Atəşgah məbədində ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks etdirildiyi videoçarx nümayiş olundu.

Musiqiçilərin zəngin repertuarlı konsert proqramı, bir-birini əvəz edən mahnı və rəqslər ismayıllılılara ikiqat bayram sevinci yaşatdı.

İlk Avropa Oyunları məşəlinin qarşılanması mərasimindən aldığı təəssüratı AZƏRTAC-ın müxbiri ilə bölüşən rayon sakini, ziyalı Hümbət Əsədov dedi: “Gözəl, unudulmaz, tarixi bir gündür. İnsanları, ən çox da gənclərimizi sevinc içində görməkdən fərəhlənirəm. Axı, necə də sevinməyim! Müstəqillik tarixi heç də uzaqda olmayan ölkəmizin bu cür möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi hamı kimi məndə də iftixar hissi doğurur. Bu, əlbəttə, Azərbaycanın beynəlxalq nüfuzundan, qüdrətli olmasından irəli gəlir”.

Rayon sakini gənc şahmatçı, beynəlxalq dərəcəli usta, şahmat məsələlərinin əyani həlli üzrə dünya çempionu Ramil Cavadov isə sevincini belə ifadə etdi: “Bugünkü mərasim bir idmançı kimi məni ikiqat sevindirir. Birincisi, ona görə ki, qədim Atəşgah məbədində  alovlandırılan  və Azərbaycanın hər bir guşəsini qarış-qarış gəzən məşəl rayonumuza gətirilib, minlərlə ismayıllılı bu alovu coşqu ilə qarşılayıb. İkinci isə ona görə ki, bu tarixi hadisə ölkəmizdə bütün sahələrdə, o cümlədən idmanda qazanılan böyük uğurlardan xəbər verir. İyunun 12-28-də keçiriləcək ”Bakı-2015" ilk Avropa Oyunları hazırda nəinki Avropanın, dünyanın diqqət mərkəzindədir. Hamı kimi, mən də yaxınlaşmaqda olan o günü səbirsizliklə gözləyirəm".

Sonra birinci Avropa Oyunlarının məşəli Qəbələyə yola salındı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında