Çimərlik futbolu yarışları “Bakı-2015”-in bəzəyi olacaq

Xatırladaq ki, mart ayında Bakıda keçirilmiş püşkatmanın nəticəsinə əsasən, iştirakçı komandalar iki qrupda mübarizə aparacaqlar. A qrupunda  yarışacaq Azərbaycan milli komandasının rəqibləri Portuqaliya, İsveçrə və Ukrayna komandaları olacaqlar.  Rusiya Federasiyası, İspaniya, İtaliya və Macarıstan isə B qrupunda mübarizə aparacaqlar.

Açılış yarışında İspaniya və İtaliya milliləri üz-üzə gələcəklər. Milli komandamız isə ilk oyununu iyunun 24-də Ukrayna komandasına qarşı keçirəcəkdir. Xatırladaq ki, hər bir komanda öz qrupunda olan digər bütün komandalarla yarışmaq şərtilə qrup fazasında 3 yarışda iştirak edəcək. Öz qrupu daxilində birinci və ikinci yerə çıxan komandalar yarımfinala vəsiqə qazanacaqlar.

Şimal qonşumuz Rusiya komandası birinci Avropa Oyunlarının bu növ üzrə favoriti hesab olunur. Elə rusiyalı çimərlik futbol ustalarının da yarışlarda uğur qazanmağa ümidləri olduqca yüksəkdir. Komandanın Bakıya belə bir iddia ilə gəlməsi heç də təsadüfi deyildir. Belə ki, Avropa Çimərlik Futbolu Liqasının çempionu olmuş Rusiya komandası 2009-cu ildən bəri liderlik etdiyi bu idman növü üzrə Bakıda növbəti dəfə tarix yazmaq niyyətindədir.

Püşakmatının millimizə rəqib seçdiyi Portuqaliya komandası da yarışın əsas favoritlərindən sayılır. Portuqalların bu istəkləri heç də əbəs yerə deyil. Çünki bu komandanın heyətində dünya çempionatlarında üç dəfə qızıl butsi qazanmış Macera kimi əfsanəvi oyunçu çıxış edir. Bununla yanaşı, Portuqliya millisi “Bakı 2015”-dən cəmi bir ay sonra keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək. Bu baxımdan Bakıdakı oyunlar Macera və onun komanda yoldaşları üçün mükəmməl bir hazırlıq olacaqdır. Yeri gəlmişkən, çimərlik futbolu üzrə Portuqaliya milli komandası “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıq məqsədilə gələn ayın 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq. Xatırladaq ki, Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasının məşqlərinin keçirilməsi üçün Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”nın çimərlik futbolu meydançasını ayırıb.

Birinci Avropa Oyunlarının əsas yarışlarından sayılan çimərlik futbolunun gərgin idman mübarizəsi şəraitində keçəcəyi heç bir şübhə doğurmur. Elə tanınmış futbol mütəxəssislərinin, məşqçi və idmançıların fikirləri də belə deməyə əsas verir. FİFA Futbol üzrə dünya (1998)  və UEFA  Futbol üzrə Avropa (2000) çempionatların qalibi olmuş, eyni zamanda, Real Madrid klubu üçün oynamış və hazırda FIFA çimərlik futbolunun səfiri kimi fəaliyyət göstərən Kristian Karembeu söyləyib: “Bu yay Bakıda keçiriləcək Oyunlar zamanı çimərlik futbolunun ən əyləncəli yarışlardan biri olmaq üçün bütün imkanları var. Azarkeşlər bu oyunu bəyənəcəklər. “Bakı-2015” idman üçün möhtəşəm fürsət olacaq və ilk Avropa Oyunlarında təmsil olunmaq bizə Avropada və kənarda olan marağı və iştirakı artırmağa geniş şərait yaradacaq."

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan deyib: “Bakı-2015”dəki dörd qeyri-olimpiya oyunundan biri olan çimərlik futbolu, bizim fəxrlə Avropa Oyunlarına gətirdiyimiz yeniliklərdən biridir.  “Bakı-2015” Avropa Oyunları vasitəsilə bu idman növü azarkeşlər tərəfindən tanınacaq. Yeni və dinamik idman növü kimi, çimərlik futbolu Avropa Oyunlarının proqramı üçün mükəmməl  uyğunluq təşkil edir. Çimərlik futbolu yarışlarının izləyicilər üçün maraqlı keçəcəyinə şübhə etmirəm və bu yarışları böyük səbirsizliklə gözləyirəm

 “Çimərlik futbolu nisbətən yeni idman növü olsa da, hər zaman populyarlıq qazanmaqda davam edir. Ötən il Azərbaycan çimərlik futbolu üzrə Avropa Kubokuna  ev sahibliyi etmişdir. Mən inanıram ki,  bu baxımdan  Azərbaycanın milli yığması bu yay keçiriləcək “Bakı-2015” Avropa Oyunlarının çimərlik futbolu yarışlarında böyük  üstünlüyə malikdir”.  Bu fikirlər isə çimərlik futbolu üzrə Azərbaycan komandasının baş məşqçisi Joze Miquel Mateusa məxsusdur.

Xatırladaq ki, “Bakı-2015” Avropa Oyunlarında çimərlik futbolu yarışları 24-28 iyun tarixlərində 1500 izləyici tutumuna malik müvəqqəti çimərlik arenasında keçiriləcəkdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında