Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunları yaxınlaşdıqca, hazırlıqlar yekunlaşır, həyəcan isə artır. Elə bu ərəfədə Yunanıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsoungas ilə görüşüb oyunlar barədə söhbət etdik:
– Cənab səfir, bildiyimiz kimi, Yunanıstan Olimpiya Oyunlarının vətənidir. Bu il isə Azərbaycan ilk dəfə olaraq, birinci Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.
– Bəli, doğru dediniz ki, mənim ölkəm Olimpiya Oyunlarının vətənidir. Uzun müddət bu oyunlar keçirilsə də, yalnız 1896-cı ildə Olimpiya Oyunları dirçəlməyə başlayıb. İndi müasir Olimpiya Oyunları keçirilir. Yunanıstan atletik oyunlara çox sıx bağlı ölkədir. Əlbəttə ki, biz bununla qürur duyuruq. Avropa Oyunları Azərbaycan üçün çox böyük bir idman hadisəsidir. İndiyə qədər, digər qitələrdə idman oyunları keçirilib. Məsələn, Panamarerikan oyunları və s. Ancaq hələ Avropada bu cür yarış keçirilməyib. Odur ki, Azərbaycan hazırda öz üzərinə böyük və çətin bir missiyanı – Avropa Oyunlarına ev sahibliyini götürüb və bu, əhəmiyyətli bir hadisədir. Yunanıstan səfiri olaraq, bu hadisələrdə iştirak etdiyimə görə çox şadam. Avropa Oyunlarını izləyəcəm. Mən həm də idman həvəskarıyam. Üzgüçülükdə təcrübəm var. Bu, mənim sevimli idman məşğuliyyətimdir. Gənc olarkən voleybolla da məşğul olmuşam. Fasiləsiz olaraq atletika ilə məşğul oluram, bu idman növünü sevirəm.
– Ölkəniz Avropa Oyunlarına necə hazırlaşır?
– Biz Avropa Oyunlarına xüsusi məsuliyyətlə hazırlaşırıq. Ölkəmizi Bakıda 137 atlet təmsil edəcək. Nümayəndə heyətinə həmçinin onları müşayiət edən həkimlər, hakimlər və digər mütəxxəssislər də daxildir. Ümumilikdə, Yunanıstandan 214 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Avropa Oyunlarında təmsil edilən 20 idman növünün 17-də yunan atletləri iştirak edəcək. Ümid edirəm ki, atletlərimiz yaxşı nəticə nümayiş etdirəcəklər. Yeri gəlmişkən, Olimpiya və Avropa Oyunları arasında qəribə bir uyğunluğu vurğulamaq istəyirəm. Bilirsiniz ki, Olimpiya Oyunlarında Yunanıstan ev sahibi olduğu üçün birinci olaraq yunan atletləri stadiona çıxırlar. Avropa Oyunlarında isə Azərbaycan ev sahibi olduğuna görə, azərbaycanlı atletlər sonda çıxacaqlar. Əlifba sırasına uyğun olaraq, ölkələr ardıcıllıqla çıxış edərkən hər bir halda Yunanıstan və Azərbaycan atletləri birgə çıxacaqlar. Bu, iki ölkə arasında çox xoş bir uyğunluqdur.
– Bakının Avropa Oyunlarına hazırlığını necə qiymətləndirirsiniz?
– Ölkəniz bununla bağlı gözəl işlər görür. Mən iki il bundan əvvəl Bakıya gələndə bəzi idman arenaları artıq tikilmişdi. Sonra qısa vaxt ərzində Avropa Oyunları ilə əlaqədar bir sıra gözəl layihələr həyata keçirildi, yeni-yeni idman kompleksləri tikildi. Bu, həm infrastruktur baxımından, həm də gələcəkdə digər idman yarışları keçirmək baxımından əhəmiyyətli işlərdir. Bilirəm ki, 2017-ci ildə Azərbaycan İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Düzdür, 2020-ci ildə keçiriləcək Olimpiya Oyunlarına Azərbaycan namizəd ölkələrdən idi. Ancaq ümid edirəm ki, Azərbaycan 2024-cü ildə keçiriləcək Olimpiya Oyunlarına ev sahibliyi edə bilər. Səfir kimi, artıq bir çox sınaq yarışlarına dəvət olunmuşam və yarışları izləmişəm. Gimnastika, Güləş, Üzgüçülük arenası kimi idman komplekslərində olmuşam. Qeyd edim ki, bu qurğular yüksək səviyiyyədə tikilib. Belə yüksək səviyyəli və hər cür şəraitə malik idman infrastrukturlarının olması yarışda iştirak edən atlerlər üçün də çox vacibdir.
Avropa Oyunlarına 6000-dən çox atletin qatılacağı gözlənilir. Yunanıstandan da yüksək səviyyəli atletlər iştirak edəcəklər. Onlar arasında biri cüdo, biri qılıncoynatma olmaqla, iki Olimpiya çempionu var. Qılıncoynatma idmanı üzrə olan xanım atletimiz Vougiouka həm də Avropa Oyunlarında ölkəmizin səfiridir. Əminəm ki, digər yarışmaya qatılan ölkələrdən də yüksək səviyyəli idmançılar iştirak edəcəklər. Bu cür nüfuzlu və böyük yarışda iştirak etmək fəxrdir. Əminəm ki, idmançılarımız Bakıda yüksək rekord əldə edəcəklər. Avropa Oyunlarının açılışında bir səfir və qonaq kimi mən də iştirak edəcəyəm. Bacardığım qədər, əlbəttə ki, yunan atletlərinin iştirak etdiyi yarışları da izləyəcəyəm. Qoy güclülər qalib gəlsin!
Hazırladı:
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.