Birinci Avropa Oyunlarının məşəli mayın 25-də qədim Oğuz diyarına gətirilib.
Məşəl estafetinin keçəcəyi Oğuz şəhərinin Heydər Əliyev prospektinə toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək böyük səbirsizliklə məşəlin rayona gəlişini gözləyirdilər.
Günorta saatlarında ulu öndərin adını daşıyan prospektdə birinci Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Oyunların rəmzi qapısında Oğuz şəhərindəki 1 nömrəli tam orta məktəbin bədən tərbiyəsi müəllimi Rəfiqə Babayeva məşəli qəbul etdi. Avropa Oyunlarının məşəlini növbə ilə bir-birinə ötürən 10 məşəlçi prospekt boyunca 2,3 kilometr məsafə qət edərək Olimpiya İdman Kompleksinin stadionuna gəldilər. Stadiona toplaşan minlərlə rayon sakini məşəl estafetinin iştirakçılarını sürəkli alqışlarla qarşıladılar. Estafetin sonuncu iştirakçısı, idman ustası Araz Umarov səhnəyə qalxaraq Avropa Oyunlarının məşəlini alovlandırdı.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirilən videoçarx nümayiş etdirildi.
Məşəldən alovlandırılan “Bakı 2015”-in çırağı Oyunlar başa çatanadək saxlanılması üçün Olimpiya İdman Kompleksinə təhvil verildi.
Rayonun fəal gənci Aqil Məmmədli Avropa Oyunlarının məşəlinin Oğuz rayonuna gətirilməsindən duyduğu sevinci AZƏRTAC-ın müxbiri ilə bölüşdü: “Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi çox böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə təşkil olunan bu Oyunlara məhz Azərbaycanın ev sahibliyi etməsi beynəlxalq və Avropa Olimpiya hərəkatı tərəfindən ölkəmizdə görülən işlərə, o cümlədən idman sahəsində əldə edilən nailiyyətlərə verilən yüksək qiymətdir. Oyunların məşəlinin rayonumuzda da alovlandırılması Oğuz sakinləri üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir”.
Oğuz şəhər 3 nömrəli məktəb-liseyin idman rəhbəri Tərlan Soltanov təəssüratlarını belə ifadə etdi: “Azərbaycan möhtəşəm idman bayramı ərəfəsindədir. Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək ölkəmiz yenidən dünyanın diqqət mərkəzindədir. Bu Oyunların ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizdə hökm sürən əmin-amanlığın, ictimai-siyasi sabitliyin, sosial-iqtisadi inkişafın göstəricisidir. Oyunların məşəlinin bölgələri qarış-qarış gəzməsi, rayon mərkəzlərində, şəhərlərdə keçirilən festivallar Azərbaycanı dünyaya tanıtmaq, eyni zamanda, gənclərimizdə idmana marağı artırmaq baxımından çox əhəmiyyətlidir. Sevinirəm ki, məşəlin keçdiyi rayonlar arasında böyüyüb boya-başa çatdığım Oğuz da var. Rayonumuzun sakinləri bu möhtəşəm tədbirə yüksək səviyyədə və böyük sevinclə hazırlaşıb. Biz oğuzlular ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən böyük qürur duyur və idmançılarımızın bu möhtəşəm yarışda Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanırıq”.
Oğuz rayon Heydər Əliyev Mərkəzinin direktoru Mehriban Abbasova dedi: “Azərbaycanın beynəlxalq aləmdə güclənən nüfuzu, dayanıqlı iqtisadiyyata malik olması, dünya standartlarına uyğun idman infrastrukturunun mövcudluğu, həmçinin ölkəmizin daim sülh, əmin-amanlıq kimi bəşəri dəyərlərin carçısı olması birinci Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsinə şərait yaratdı. Oyunların başlanmasına artıq sayılı günlər qalır. Xalqımız Avropa Oyunlarının Azərbaycanda keçirilməsini böyük sevinc, coşqu və ruh yüksəkliyi ilə qarşılayır”.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin ölkəmizin beynəlxalq aləmdə təbliği baxımından önəmini vurğulayan rayon ziyalısı Yusif Rzayev bayram təntənəsindən aldığı xoş təəssüratı dilə gətirdi: “Qoy avropalılar da, dünyanın digər xalqlarının nümayəndələri də gəlib görsünlər və inansınlar ki, Azərbaycan mədəni, iqtisadi və siyasi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən biridir, tolerant respublikadır. Onun isti qucağında bütün dost insanlara yer var”.
Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonundan Şəkiyə yola salındı.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.