Birinci Avropa Oyunlarının triatlon yarışlarında qitənin ən güclü idmançıları mübarizə aparacaq

Mayın 24-də “Bakı-2015” birinci Avropa Oyunlarının triatlon yarışlarının keçiriləcəyi Bilgəh çimərliyinə media turu təşkil olunub.

Bilgəh çimərliyi triatlon yarışları ilə yanaşı, fərdi velosiped turnirinə də ev sahibliyi edəcək.

“Bakı-2015” birinci Avropa Oyunlarının Azadlıq meydanı və Bilgəh çimərliyi üzrə əməliyyatlar meneceri Aydan İsmayılova triatlon yarışlarının iyunun 13-14-də təşkil olunacağını bildirib. Qeyd edib ki, iyunun 18-də isə fərdi velosiped yarışları keçiriləcək. Yarışları 500-dək tamaşaçının izləyəcəyi gözlənilir. Onlar metronun “Koroğlu” stansiyasından “ekspres” avtobuslarla idman obyektinə gələ biləcəklər. Həmçinin burada bilet satışı da təşkil olunacaq. Bundan əlavə, mətbuat nümayəndələri üçün xüsusi media mərkəzi yaradılıb.

Triatlon yarışlarında 36 ölkədən 130 idmançının birincilik uğrunda mübarizə aparacağını bildirən Aydan İsmayılova Azərbaycanı bu yarışlarda 5 (3 kişi, 2 qadın) atletin təmsil edəcəyini vurğulayıb. Qeyd edib ki, hazırda burada son tamamlanma işləri görülür. Ümumilikdə demək olar, obyekt birinci Avropa Oyunlarına tam hazırdır.

Triatlonun özündə üç idman növünü birləşdirdiyini diqqətə çatdıran “Bakı 2015”-in triatlon yarışlarının meneceri Lukas Matis ilk Avropa Oyunlarında güclü idmançıların birincilik uğrunda mübarizə aparacağını diqqətə çatdırıb: ”İdmançılar 1500 metr məsafəni üzərək, 40 kilometrlik məsafəni velosipedlə, 10 kilometr məsafəni isə qaçaraq qət edəcəklər. Yarışlar “Rio-2016” Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıdığı üçün gərgin idman mübarizəsi şəraitində keçəcək. Əsasən də qadınların yarışını vurğulamaq istərdim. Çünki “London-2012” Yay Olimpiya Oyunlarının qızıl mükafatçısı isveçrəli Nikolas Spirik və gümüş medalçı isveçli Liza Norden də yarışa qatılacaqlar”.

Mayın əvvəlində Bilgəhdə triatlon üzrə test turnirin yüksək səviyyədə təşkil olunduğunu bildirən Lukas Matis Azərbaycanda ilk dəfə bu tipli yarışın keçirildiyini vurğulayıb.

Media nümayəndələri idman obyektindən xoş təəssüratlarla ayrılıblar. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında