Bəri başdan deyək ki, sərlövhədəki “ümummilli layihə” ifadəsini biz özümüz yox, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov işlədib. Dünyanın ən qüdrətli idman dövlətlərindən birinin olimpiyaçılar ailəsinin başçısı çıxışlarından birində deyib ki, Avropa Oyunları bu yarışların təşkilinə çox böyük məsuliyyətlə yanaşan Azərbaycan üçün ümummilli layihəyə çevrilib.
Həqiqətən, Azərbaycanın istinasız olaraq həyatın bütün sahələrində gündən-günə artan böyük uğurları göz qabağındadır. Bu uğurlardan yalnız onun yüksəlişini istəməyən qara qüvvələr, yaxud görmə və eşitmə qabiliyyətini itirənlər xəbərdar olmaya bilərlər. Qazanılmış nailiyyətlər Azərbaycan əhalisinin yüksək fəallığı, işgüzarlığı, onlardakı tükənməz Vətən sevgisi sayəsində mümkün olub. Uğurlarımız beynəlxalq dairələrdə, hətta prezidentlər, baş nazirlər, spikerlər tərəfindən yüksək dəyərləndirilir, xeyirxah, xoş məramlı insanların ölkəmizə hörmət və məhəbbətini günbəgün artırır.
İlk Avropa Oyunlarının Avropanın nəhəngləri dura-dura Azərbaycanda keçirilməsinə qərar verilmişdir. Bunun nə demək olduğunun fərqinə dərindən varsaq, “Köhnə qitə”nin bir-birindən zəhmli ölkələri ilə rəqabətdə Avropanın idman hərəkatına yeni, əvəzsiz töhfə olacaq möhtəşəm idman bayramının təşkili gənc və müstəqil Azərbaycan Respublikasına etibar olunmuşdur. Özü də böyük səs çoxluğu ilə, Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında səsvermədə iştirak etmiş 48 ölkədən 38-nin nümayəndələrinin xeyir-duası ilə. Bu qərarın bir başqa yerdə deyil, Avropanın aparıcı ölkələrindən biri, idmanın şahı sayılan futbolda dördqat dünya çempionu İtaliyanın paytaxtı qədim Romada keçirilmiş assambleyada qəbul edilməsi isə onun sanbalını, ölkəmizə göstərilmiş yüksək etimadın əhəmiyyətini daha da artırır.
AOK-un çox ciddi, hər hansı bir qərar qəbul etməzdən əvvəl hər şeyi yüz ölçüb-bir biçən, iddiaçı ölkə və şəhərlərin imkanlarını dərindən, hərtərəfli götür-qoy edən tələbkar üzvləri, demək olar, yekdilliklə ölkəmizin xeyrinə tarixi qərar qəbul edərkən Azərbaycana heç də təsadüfən səs verməyiblər. Onlar Avropanın idman hərəkatında yeni dövrün başlanğıcı olacaq ilk Avropa Oyunlarının təşkili hüququnu respublikamıza verərkən ölkəmizin dinamik və sürətli inkişafına, o cümlədən idmanın inkişafında əldə etdiyi nailiyyətlərlə yaxşı tanış olmalarına, günəşli və qonaqpərvər Azərbaycana hər gəlişlərində heyrətlərini gizlədə bilmədikləri müsbət dəyişikliklərdən aldıqları zəngin təəssürata, bu təəssüratın oyatdığı xoş hisslərə əsaslanmış, ən başlıcası isə, vicdanla, qəlblərinin hökmü ilə hərəkət etmişlər.
2012-ci ilin finişində, dekabr ayında Roma səsverməsində “Azərbaycan!”, “Azərbaycan!” deyənlər o vaxt düzgün seçim etmələri ilə haqlı olaraq özlərində daxili bir razılıq hissi keçirə bilərlər. Onlar yanılmayıblar, əksinə, ümidlərini, etimadlarını tam doğruldan bir addım atmışlar. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin qısa müddət ərzində gördüyü böyük iş bu gün dünyanın hər yerində diqqət mərkəzindədir və hamı Oyunlar istiqamətində həyata keçirilən tədbirlərdən həvəslə söhbət açır.
Bakıda, Mingəçevirdə, Azərbaycanda artıq astanasında dayandığımız ilk Avropa Oyunları hələ başlamasa da, ölkəmiz bir daha qətiyyətlə öz sözünü demişdir. Həm Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında böyük səs çoxluğu ilə qəbul edilmiş tarixi qərarla, həm də rekord müddətdə hamını təəccübləndirən və heyrətləndirən yüksək səviyyəli hazırlıqla.
Azərbaycan ilk Avropa Oyunlarına son hazırlıq işlərini mütəşəkkil surətdə, böyük məsuliyyətlə, toy-bayram şəraitində başa çatdırır. Oyunların məşəl estafetinin keçdiyi şəhər və rayonlarımızda yaşanan bayramı gördükdə ürəyin dağa dönür, bu bayramın dönə-dönə şahidi olmaq istəyirsən.
Bir daha “ümummilli layihə” ifadəsinə qayıtsaq, düşünmək olar ki, bu fikrə bütün Avropa idmançılar ailəsi şərik çıxar. İspaniya Milli Olimpiya Komitəsinin prezidenti Alexandro Blankonun dediyi kimi, Bakı Avropa üçün çox vacib olan bu yarışları sensasiyalı şəkildə təşkil edəcək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.