Avropa Oyunlarının məşəli Zaqatalada şölələndi

Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli mayın 23-də axşam saatlarında “qızılgüllər diyarı” Zaqatalaya gətirildi.

Zaqatala rayonu hazırda özünün yeni inkişaf dövrünü yaşayır. Regionların sürətli inkişafını bu gün Zaqatalanın timsalında da aydın görmək olar. Son illər rayonun şəhər, qəsəbə və kəndləri büsbütün simasını dəyişib, onlarla yeni sosial obyekt istifadəyə verilib, yol infrastrukturu yenilənib, əhalinin həyat səviyyəsi yüksəlib. Rayonda digər sahələr kimi, idmanın inkişafına da xüsusi diqqət göstərilir. Zaqatala şəhərində Olimpiya İdman Kompleksinin, stadionun, müasir idman qurğularının istifadəyə verilməsi rayon idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda uğur qazanmalarına müsbət təsir göstərir.

AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zaqatala şəhərinin Dövlət Bayrağı meydanına toplaşan minlərlə rayon sakini əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

Budo döyüş növləri üzrə dünya çempionu, idman ustası Təbriz Balaxanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. O, nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli növbəti iştirakçıya - 2011-ci ildə Belqradda keçirilmiş XXI Beynəlxalq şahmat festivalının qalibi Xədicə Xəlilovaya ötürdü.

Məşəl daşımağın sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Təbriz Balaxanov dedi: “Birinci Avropa Oyunlarının məşəlini Zaqatala rayonunda qəbul etmək mənə qismət oldu. Bundan duyduğum sevinci ifadə etməyə söz tapmıram. Sadəcə demək istəyirəm ki, azərbaycanlı olduğuma görə fəxr edirəm! Bir idmançı kimi inanıram ki, uğur, qalibiyyət həmişə bizimlə olacaq. İnanıram ki, birinci Avropa Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda keçəcək”.

Estafeti davam etdirən sonrakı məşəlçilər Heydər Əliyev prospekti, Dədə Qorqud, 28 May, Üzeyir Hacıbəyli və Sülh küçələri boyunca 2700 metrə yaxın məsafə qət edərək birinci Avropa Oyunlarının məşəlini Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə gətirdilər. 1830-cu ildə inşa edilmiş Zaqatala qalasının ərazisinə toplaşan minlərlə zaqatalalı birinci Avropa Oyunlarının məşəlinin alovlandırılması mərasimini böyük coşqu ilə izlədilər. Zaqatala şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, 2014-cü ildə İnquşetiyada keçirilmiş cüdo idman növü üzrə beynəlxalq turnirin mükafatçısı Ariz Məmmədov meydanın mərkəzində qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanlar bu unudulmaz anı sürəkli alqışlarla qarşıladılar.

Məşəldən alovlandırılan “Bakı-2015"in çırağı ilk Avropa Oyunları başa çatanadək saxlanılmaq  üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.

Mərasim atəşfəşanlıqla başa çatdı.

Məşəl estafetinin sonuncu iştirakçısı Ariz Məmmədov təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: “Bu gün həyatımda baş verən ən önəmli bir tarixi anı yaşayıram. Rayonumuza gətirilən məşəli alovlandırmaq mənə qismət oldu. Fəxr edirəm ki, belə bir ölkənin vətəndaşıyam. Bu gün ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də inkişaf özünün ən yüksək zirvəsinə çatıb. Bir azərbaycanlı gənci kimi, bundan sonra da çalışacağam ki, üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanması üçün əlimdən gələni edim, doğma Vətənimizə layiqli gənc olum”.

Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov birinci Avropa Oyunlarının məşəlinin Zaqatala rayonuna gətirilməsindən duyduği sevinci belə ifadə etdi: “Qədim Atəşgah məbədində alovlandırılan birinci Avropa Oyunlarının məşəli, nəhayət, doğma Zaqatalaya da gəlib çatdı. Bu əlamətdar hadisə biz zaqatalalıları çox sevindirir, qürurlandırır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünya arenasında növbəti uğurlu çıxışıdır. Biz, yaşlı nəslin nümayəndələri bu uğurlara sevinir və yarışlarda iştirak edəcək idmançılarımıza qələbələr arzulayırıq”.

Şəhər 3 saylı tam orta məktəbin direktoru Elmira Hacıyeva birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qürurverici hadisə olduğunu vurğulayaraq dedi: “Bu gün rayonumuz üçün çox əlamətdar bir gündür. Avropa Oyunlarının məşəlini böyük sevinc hissi ilə qarşılayırıq. Bu təntənəli mərasimin iştirakçısı olduğum üçün özümü xoşbəxt sanıram. Oyunların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzundan irəli gəlir. Bizə bu böyük sevinci bəxş etdiyinə görə zaqatalalılar adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.

Qeyd olunduğu kimi, məşəldən alovlandırılan çıraq Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.

Mərkəzin direktoru Famil Rəhimov bundan duyduğu sevinci dilə gətirdi: “Belə bir tarixi hadisənin şahidi olduğumuz üçün fərəh hissi keçirirəm. Bu xoşbəxtlik ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bizə töhfəsidir. İnanırıq ki, gün gələcək, bu məşəl doğma Qarabağımızda da alovlanacaq və bu alov daim yanacaq”.

Məşəl estafetinin növbəti ünvanı Qax rayonu olacaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında