Avropa Oyunlarının məşəli ölkənin şimal-qərb qapısı Balakəndə

Birinci Avropa Oyunlarının məşəli ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib dolaşmaqda davam edir.

Aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərindəki Atəşgah məbədində alovlandırılan və bu günədək Azərbaycanın 40-a yaxın şəhər və rayonundan keçən məşəl estafetinin növbəti ünvanı ölkənin şimal-qərb qapısı Balakən rayonu oldu.

Mayın 23-də minlərlə balakənli məşəl estafetinin sevincini yaşamaq üçün günorta saatlarından başlayaraq şəhərin Heydər Əliyev prospektinə toplaşmışdı. Prospekt boyunca düzülən balakənlilər əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək böyük səbirsizliklə birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.

Nəhayət, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Xoçbar Xalayev alqış sədaları altında Balakən şəhərinin girişində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Sonra məşəl estafeti şəhərin mərkəzinə - ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkına doğru istiqamət götürdü. 10 məşəlçi Heydər Əliyev prospekti ilə hərəkət edərək, məşəli növbə ilə bir-birinə ötürməklə 2700 metrdən artıq məsafə qət etdilər. Estafetin sonuncu iştirakçısı - yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və dünya birinciliklərinin mükafatçısı, beşqat Azərbaycan çempionu Hacımurad Çopsiyev parkın mərkəzində quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Parka toplaşan minlərlə balakənli bu hadisəni böyük coşqu və sürəkli alqışlarla qarşıladılar.

Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Bayram tədbirinin iştirakçıları Bakı şəhərindəki Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks etdirən videoçarxı böyük maraqla izlədilər.

Sonra incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Məşəl estafetinin təəssüratını AZƏRTAC-ın müxbiri ilə bölüşən rayonun fəal gənci, YAP Balakən rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Hacıyev ürək sözlərini belə ifadə etdi: “Bu gün minlərlə balakənlinin alqış sədaları altında birinci Avropa Oyunlarının məşəli rayonumuza gətirildi. Məşəlin alovlandırılması anını həyəcansız izləmək olmurdu. Biz gənclər məşəl estafetinin tarixi anlarını doğma Balakənimizdə yaşadığımız üçün özümüzü xoşbəxt sanırıq. Mən çox fərəhlənirəm ki, birinci Avropa Oyunlarında Balakənin iki gənc idmançısı da ölkəmizin idman şərəfini qoruyacaq. Arzum budur ki, yarışlarda Azərbaycanımızın üçrəngli, ay-ulduzlu bayrağı ucalsın, dövlət himnimiz səslənsin. Çünki ilk dəfə ölkəmizdə keçiriləcək Avropa Oyunları gənc və yeniyetmələrin vətənpərvərlik hisslərini daha da artıracaq və bu tarixi günlər onların yaddaşlarında uzun müddət qalacaq”.

Ölkəmizi diyar-diyar gəzib dolaşan birinci Avropa Oyunlarının məşəlinin Balakən rayonunda da alovlanmasından qürur hissi keçirdiyini bildirən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov son illər Balakəndə də idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini vurğuladı. Bu qayğının nəticəsidir ki, son illər Balakəndə Rəsul Çunayev, Oluxan Musayev, Murad Bazarov, İqbal Hacızadə, Hacımurad Bağmanov, Hacımurad Çopsiyev kimi tanınmış idmançılar yetişib. Bu idmançılar Olimpiya Oyunlarında, dünya və Avropa birinciliklərində dəfələrlə Azərbaycan bayrağını ucaldıblar.

Rayon ağsaqqalı, şair Ramazan Xutra isə öz təəssüratlarını belə ifadə etdi: “Avropa Oyunlarının məşəlinin Balakənə gətirilməsi tolerantlıq mühitində yaşayan rayonumuz üçün unudulmaz bir hadisədir. Birinci Avropa Oyunlarının məşəli alovlandıqca ulu öndər Heydər Əliyevin söylədiyi bu sözlər yadıma düşdü: ”Azərbaycan dünyaya günəş kimi doğacaq!". Bəli, bir müddət sonra Azərbaycan şəhər və rayonlarımızda alovlanan məşəlin nuruna bürünərək dünyanı sülhə səsləyən idman bayramına ev sahibliyi edəcək".

Rayon ağsaqqalı fikrini tamamlayaraq dedi: “Birinci Avropa Oyunları kimi idman yarışının Azərbaycanda keçirilməsi ölkəmizin bu cür möhtəşəm tədbirlərə ev sahibliyi edə biləcək qədər qüdrətli olmasından xəbər verir. Şübhə etmirəm ki, Azərbaycan bundan sonra da hələ neçə-neçə beynəlxalq yarışlara ev sahibliyi edəcək”.

Rayon təhsil şöbəsinin məsləhətçisi Cavanşir Alqayev birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirərək bildirdi: “Birinci Avropa Oyunlarının məşəlinin rayonumuza gətiriləcəyi günü səbirsizliklə gözləyirdik. Bir azərbaycanlı olaraq qürur duyuram ki, ilk dəfə keçiriləcək bu Oyunlara Azərbaycan ev sahibliyi edəcək. Bu, tarixi bir uğurdur. Bugünkü təntənə ölkəmizin gücündən, qüdrətindən, ölkədaxili sabitlikdən və iqtisadi yüksəlişdən xəbər verir. Bu məşəl bütün Avropanı sülhə, ədalətə və qardaşlığa çağırır. Çox xoşbəxtəm ki, mən də belə tarixi anların şahidiyəm”.

Birinci Avropa Oyunlarının məşəli Balakəndən Zaqatala rayonuna yola salındı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında