Berlində ilk Avropa Oyunlarına həsr olunan sərgi açılıb

Berlinin tarixi “Kunztschule” qalereyasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan-İdman foto obyektivdə” (ASİF) sərgisinin açılış mərasimi keçirilib.

TEAS-dan AZƏRTAC-a bildiriblər ki, tədbir idman həmrəyliyinə və iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilib. Altmış beş fotodan ibarət olan sərgi daha öncə London, Nitsa və Maastrixt kimi Avropa şəhərlərində nümayiş etdirilib. İki yüz əllidən çox qonağın iştirak etdiyi sərgidə Almaniyanın ictimai-siyasi xadimləri, parlamentarilər, incəsənət xadimləri, media təmsilçiləri, Azərbaycan diasporunun fəalları, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak edib.

Tədbirin açılışında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin  Almaniya nümayəndəliyinin rəhbəri Şahin Nemati-Nasab bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın idman həyatında tarixi hadisə olacaq. Azərbaycan kimi gənc və dinamik inkişaf edən ölkə üçün bu səviyyədə mötəbər idman yarışını təşkil etmək böyük bir fürsətdir. Bakının Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir.

Tanınmış almaniyalı fotoqraf və ASİF foto müsabiqəsinin münsiflər heyətinin üzvü Filip Ratmer Avropada keçirilən bu sərgilərlə bağlı təəssüratını bölüşərək qeyd edib ki, “Azərbaycan-İdman foto obyektivdə” müsabiqəsinin təşkili və eyniadlı sərginin Avropanın müxtəlif şəhərlərində keçirilməsi avropalılara Azərbaycanın idman irsi ilə tanış olmağa gözəl şərait yaradır. Bu sərgi ilə tanışlıqdan sonra bir daha əmin olursan ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu ölkənin qədim, zəngin tarixi və mədəniyyəti kimi, zəngin idman ənənələri də var. Əminəm ki, birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyada tanıdılmasına töhfə verəcək.

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan-İdman foto obyektivdə” adlı fotomüsabiqənin nəticələri həmin il dekabrın əvvəlində elan edilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi. 

Beləliklə, birinci yerə azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə doğru”, ikinci yerə fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema-Rio de Janeyro”, üçüncü yerə isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun təlimat” adlı fotoşəkilləri layiq görülüb.

Münsiflər heyətinə tanınmış amerikalı fotojurnalist, “VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların fotoportretlərinin müəllifi olaraq tanınan almaniyalı fotoqraf Filip Ratmer və azərbaycanlı fotoqraf, bir çox beynəlxalq mükafatların laureatı Əqdəs Bağırzadə daxil idi.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında