Müsahibimiz Avropada Olimpiya hərəkatının vətəni Yunanıstan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti, Avropa Olimpiya Komitəsinin “Bakı-2015” yarışları üzrə Koordinasiya Şurasının rəhbəri cənab Spiros Kapralosdur.
– Cənab Kapralos, necə fikirləşirsiniz, 2 min 800 il əvvəl qədim Yunanıstanda olimpiya oyunlarının bünövrəsini qoyanlar bu hərəkatın bu qədər uzunömürlü olacağını ağıllarına gətirə bilərdilərmi?
– Onlar tarixin yaddaşına əbədi həkk olunan çox böyük və xeyirxah bir missiyanın başlanğıcını qoyublar ki, bununla təkcə biz yunanlar deyil, bütün Avropa sivilizasiyası bu gün fəxr edir. Mən qitənin tarixində ilk dəfə keçiriləcək birinci Avropa Oyunlarını qədim Olimpiya Oyunlarının kiçik qardaşı hesab edirəm və Bakıda belə məsul yarışların keçirilməsindən son dərəcə məmnunam. Bəli, bu gün qocaman Avropanın idman ənənələri davam edir, yaşayır və zənginləşir. Bakı idman estafetini qəbul edib. Necə deyərlər, estafet etibarlı əllərdədir!
– Bu günün, müasiri olduğumuz zamanın baxış bucağından qiymət verməli olsaq, Bakı yarışlarının, sizcə, əsas əhəmiyyəti nədədir?
-Bakıda keçirilən ilk Avropa Oyunları mütləq mənada, birmənalı olaraq çox vacib hadisədir. Siz azərbaycanlılar ilk təəssürat və müvafiq olaraq yeni tarix yaratmaq şansı qazanıbsınız. Siz bu heyrətamiz idman yarışlarına yeni məzmun qatmalı, bəşəri, humanist dəyərlər daşıyan idman sektorunda ilk uğurlu standartlara imza ataraq tarixdə əbədi qalmaq üçün ciddi səylər ortaya qoymalısınız. İnanıram ki, bu, məhz belə də olacaq.
Mən Avropa Olimpiya Komitəsinin “Bakı-2015" yarışları üzrə Koordinasiya Şurasının rəhbəri kimi, Azərbaycan paytaxtında azərbaycanlı həmkarlarımın bu böyük idman yarışlarına necə böyük məsuliyyət hissi ilə hazırlaşdıqlarının şahidi olmuşam. Bəli, bu prosesi hər bir mərhələdə müşahidə etmək şansım olub. Əlbəttə, bir sıra vəzifələr, çağırışlar vardı, lakin Azərbaycan Milli Olimpiya Komitəsinin rəhbərliyi, Bakı Oyunlarının təşkilatçıları hər bir məqamda ən yüksək meyarlar səviyyəsində həll yolları tapa bildilər.
İndi Oyunların başlanmasına artıq üç həftə qalmışdır və Azərbaycanda bu sahədə, həqiqətən, nəhəng işlər görülmüşdür. Azərbaycan Avropa Oyunlarının məzmununu fantastik səviyyəyə qaldıra, bunu həm özü, həm də bütün Avropa üçün sonsuz zövq və qürurverici hadisəyə çevirə bilər.
- Yunanıstan idmançılarının yarışlara hazırlıq səviyyəsindən razısınızmı?
- Yunan atletləri Bakı yarışlarına Olimpiya Oyunları səviyyəsində hazırlaşırlar. Bunun iki səbəbi var. Birinci stimulverici amil odur ki, bizim idmançılar Bakı yarışlarında 2016-cı il Rio-de-janeyro Yay Olimpiyadasına qatılmaq üçün zəruri olan mühüm xalları əldə etməyə can atırlar. Bunun üçün onlar, təbii ki, bütün güclərini səfərbər etməli, hədəflərə nail olmağa çalışmalıdırlar. İkinci səbəb isə odur ki, Rio-de-Janeyro Olimpiadası qarşısında geniş profilli Bakı yarışları idmançılarımızın yeni olimpiya zirvələrini fəth etmələri üçün baş məşq ola bilər.
Bakıda “Atletlər kəndi”ndə idman yarışlarına qatılacaq atletlər üçün əla şərait yaradılıb. Onlar burada həm əla istirahət edə, həm də öz fiziki qüvvələrini bərpa edə bilərlər. Bir sözlə, əminəm ki, Bakı bütün atletlərə qlobal miqyaslı yarışların əsl əhval-ruhiyyəsini yaşadacaq.
-Yunanıstanın MOK prezidentinin dilindən Bakı yarışlarının iştirakçıları və təşkilatçılarına onun arzu və tövsiyələrini eşitmək xoş olardı?
- Bakıda birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində son 30 ay ərzində görülən işlər həqiqətən heyrətamizdir. Təşkilatçılar öz vəzifələrinə böyük məsuliyyətlə yanaşıblar. Bu heyrətamiz işlər Azərbaycanın dövlət başçısı, çox hörmətli Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə mümkün olub. Mən həm atletlərə, həm də təşkilatçılara zövq verən, xatirələrdə silinməz izlər qoyan Oyunların şahidi olmalarını arzulayıram. Beynəlxalq Olimpiya Komitəsinin sabiq prezidenti Jak Roqqun 2012-ci il London Olimpiadasının təntənəli açılış mərasimindəki çıxışında söylədiyi bu sözləri atletlərə xatırlatmaq istəyirəm: “İdmançıya şərəf gətirən təkcə rəqibi üzərində qələbə çalması deyil, əsas məsələ onun necə yarışmasıdır. İdmançı xarakteri medallardan üstündür!”. Bəli, bütün idmançılar yalnız ədalətli idman mübarizəsi şəraitində qələbə qazanmağı düşünməlidirlər.
– Cənab Kapralos, ümid edirəm ki, Bakıda Oyunların keçirildiyi günlərdə sizinlə yenidən görüşmək və yeni müsahibə almaq şansım olacaq?
- Məmnuniyyətlə. Lütfən qəzetinizin oxucularına idmançı səmimiyyəti ilə salamlarımı yetirin!
Müsahibəni qələmə aldı:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.