Yeva MAYORE: Birinci Avropa Oyunları idmana və sağlam həyat tərzinə marağı artıracaq

Bakıda keçiriləcək birinci Avropa Oyunlarının başlanmasına artıq bir neçə gün qalır. Bu beynəlxalq əhəmiyyətli tədbirlə bağlı xeyli müddətdir ki, bütün dünyanın diqqəti Bakıya yönəlib.

Xarici KİV-lər  hər gün çoxlu sayda informasiyalar dərc edir, dünya şöhrətli idmançıların, dövlət və hökumət başçılarının, məşhur ictimai-siyasi xadimlərin bu Oyunlara münasibətini təqdim edirlər. Latviyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Yeva Mayore “Xalq qəzeti”nə verdiyi eksklüziv müsahibədə birinci Avropa Oyunları ilə bağlı fikirlərini bölüşmüşdür.

– Bakıda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyəti ilə bağlı təmsil etdiyiniz ölkənin mövqeyini necə şərh edərdiniz?

– Həyatda elə hadisələr var ki, ilk dəfə baş verdiyindən ətraf aləmdə böyük əks-səda doğurur. Bu hadisələr pozitiv və neqativ ola bilər. Ancaq insanlar adətən, yalnız pozitiv hadisələr gözləyirlər. Buna görə də düşünürəm ki, Avropanın tarixində ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunları məhz gözlədiyimiz həmin pozitiv hadisə olacaq.

Məlumdur ki, birinci Avropa Oyunlarında artıq Olimpiya proqramına daxil olmuş idman növləri ilə yanaşı, bu statusa iddialı olan növlər də təqdim ediləcək. Bu, o deməkdir ki, insanların idmana marağı və sevgisi nəinki sönmək bilmir, hətta daha da güclənir. Ümid edirəm ki, Bakının yüksək səviyyədə təşkil etdiyi Avropa Oyunları gənclərin idmana və eyni zamanda, sağlam həyat tərzinə marağını artıracaq.

– Bilirik ki, Latviya idmançıları da bu Oyunlarda iştirak edəcəklər. Onlar necə hazırlaşırlar? Bu möhtəşəm tədbirdə nə qədər latviyalı qonağın iştirakı gözlənilir?

– Latviyanı birinci Avropa Oyunlarında 61 idmançı və 45 nəfərdən ibarət rəsmi heyət təmsil edəcək. Bizim ölkənin idmançıları çimərlik voleybolu, velosiped idmanı, dzü-do, sambo, karate, üzgüçülük, gimnastika, badminton, oxatma və digər idman növləri üzrə yarışlara qatılacaqlar. Hazırda həmin idman növləri üzrə məşqlər və hazırlıqlar çox ciddi şəkildə davam etdirilir. Ümid edirik ki, bizim idmançılar yarışlarda qalib gələrək müxtəlif mükafatlar qazana biləcəklər və bunlar birinci Avropa Oyunlarının tarixi mükafatları olacaq.

– Birinci Avropa Oyunlarının təşkilatçılarına, iştirakçılarına arzularınız?

– Birinci Avropa Oyunları məhz ilk olduğundan tarixi hadisə kimi qiymətləndirilir. Bu Oyunların keçirilməsində iştirak edən bütün insanlar tarixə düşəcəklər. Ona görə də, ilk növbədə, bu Oyunların təşkilatçılarına, eləcə də bütün idmançılara səbr və dözüm, uğurlu yarışlar və qələbələr arzulayıram. Olimpiya devizində deyildiyi kimi: “Citius, Altius, Fortius!” - “Tez, Yüksək, Güclü!”.

Söhbəti yazdı:
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında