“Belə bir mötəbər yarışda uğur qazanacağıma əminəm”

Azərbaycanı I Avropa Oyunlarında şose velosipedi növü üzrə yarışda kişilərdən Maksim Averin, Elçin Əsədov və Samir Cəbrayılov, qadınlardan isə Yelena Pavluxina və Ülfət Nəzərova təmsil edəcəklər. 

Xatırladaq ki, iştirakçılar Xızıda keçirilmiş velosiped idmanının şose növü üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatının nəticələrinə əsasən müəyyənləşib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) təqviminə əsasən, iyunun sonlarında keçirilməli olan yarışın mayda təşkili “Bakı-2015” I Avropa Oyunları ilə əlaqədardır. Belə ki, iyunda Azərbaycan mötəbər yarışa ev sahibliyi edəcəyindən, beynəlxalq federasiya Azərbaycan çempionatının mayın ortalarında keçirilməsinə razılıq verib.

I Avropa Oyunlarında şose velosipedi növü üzrə yarışda iştirak edəcək Elçin Əsədov demişdir:

– Velosiped idmanı başqa idman növlərindən onunla fərqlənir ki, digər yarışlar əsasən qapalı məkanda keçirilir. Bu yarışlar isə yüz kilometrlərlə məsafəni əhatə edir və düzənlik, dağlıq ərazilərdən, müxtəlif şəhər, rayon, qəsəbə və kəndlərdən keçməklə təşkil olunur. Təbii ki, bu da ölkənin beynəlxalq səviyyədə tanınması, onun görməli yerlərinin, turistləri maraqlandıran məkanların bütün dünyaya təqdim edilməsi üçün çox vacibdir. Bu baxımdan yarışın çox zəngin mədəni və tarixi irsə, gözəl təbiətə malik bölgələrimizdən keçməsi həm velosipedçilərin öz güclərini sınaması, həm də bu yarışın izləyiciləri olacaq çoxsaylı xarici ölkə vətəndaşı üçün ölkəmizin tanıdılmasına xidmət edəcəkdir.

Əminliklə deyə bilərəm ki, sevimli komandam olan “Synergy Baku”nu artıq dünyanın hər yerində tanıyırlar. Bu isə komandamızın iştirak etdiyi yarışlarda uğurlu çıxışları ilə əlaqədardır. Xatırladım ki, 2015-ci və 2016-cı illər komandamız üçün olduqca vacib bir dövrü əhatə edəcək. Belə ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən, Yay Olimpiya Oyunlarından əvvəlki ilin başlanğıcından etibarən velosipedçilər təmsil etdikləri qitələrdəki yarışlarda mübarizə aparmaqla dördilliyin zirvə yarışına lisenziya xalları toplayırlar. Ona görə də Olimpiya Oyunlarının istənilən idmançının xəyal etdiyi bir yarış olduğunu nəzərə alsaq, sözsüz ki, lisenziya xalları uğrunda ciddi mübarizə getmişdir.

Qarşıda məni daha böyük sınaq gözləyir. Bakıda təşkil olunacaq ilk Avropa Oyunlarında da mükafatçılar sırasında yer almaq istəyirəm. Hazırda bütün diqqətim “Bakı-2015"ə yönəlib. Azərbaycanı  belə bir mötəbər yarışda təmsil edəcəyim üçün qürur hissi keçirirəm. Belə bir şansımın olduğu üçün məsuliyyətimi də yaxşı başa düşürəm. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında