Ağdaş ilk Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Mayın 22-də “Bakı-2015” ilk Avropa Oyunlarının məşəli Göyçaydan Ağdaş rayonuna gətirilib.

Ağdaş şəhərinin girişində Avropa Oyunlarının məşəlinin qarşılanma mərasimi oldu. Şəhərin Heydər Əliyev prospektində əllərində dövlət bayrağımızı, birinci Avropa Oyunlarının atributlarını əks etdirən şəkillər və plakatlar tutmuş minlərlə rayon sakini məşəl yürüşünün iştirakçılarını alqışlarla qarşıladılar.

Avropa Oyunlarının rəmzi qapısında məşəli məşqçi-müəllim Rüstəm Şamilov qəbul etdi. O, bu mötəbər tədbirin məşəlini qəbul etməyin ona nəsib olduğu üçün qürur hissi keçirdiyini bildirərək dedi: “Birinci Avropa Oyunlarının məşəlini Ağdaşda qəbul etmək mənə nəsib olduğu üçün özümü xoşbəxt hesab edirəm. Bu Oyunların Azərbaycanda keçirilməsi hər birimizdə fərəh hissi oyadır”.

Sonra respublikamızı müxtəlif yarışlarda uğurla təmsil edən 10 idmançı Avropa Oyunlarının rəmzi qapısından məşəl yürüşünə başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon sakinlərinin alqışları ilə 3 kilometr məsafəni Heydər Əliyev prospekti boyunca hərəkət etməklə Heydər Əliyev Meydanına gəldilər.

Rayonun fəal gənclərindən biri, tələbə Səbinə Əlipaşayeva səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Məşəldən götürülmüş alovla yandırılan “Bakı-2015"-in çırağı rayon ictimaiyyətinə təqdim edildi. Boks üzrə üçqat Azərbaycan çempionu Rüfət Nəbiyev tərəfindən yandırılan çıraq ilk Avropa Oyunları başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə verildi.

Tədbirdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Məşəli qarşılayanlar arasında olan Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev bu əlamətdar hadisədən aldığı təəssüratı müxbiri ilə bölüşdü: “Bu gün həqiqətən də qürurverici anlar yaşayırıq. Hesab edirəm ki, bu möhtəşəm tədbir ölkəmizin dünyaya daha geniş tanıdılması işinə əvəzsiz töhfə verəcək. İnanıram ki, belə möhtəşəm tədbirlər tezliklə doğma Qarabağımızda da təşkil ediləcək”.

Ağdaş şəhər 7 saylı tam orta məktəbin müəllimi Leyla Bayramova isə dedi: “Gənc müstəqil ölkə olan Azərbaycan hər sahədə, o cümlədən idman sahəsində sürətlə inkişaf edir. İdmançılarımız beynəlxalq yarışlarda üçrəngli bayrağımızı dalğalandırır, Vətənə medallar gətirir, Azərbaycan mötəbər idman tədbirlərinə uğurla ev sahibliyi edir. Bu, dövlətimizin başçısının apardığı siyasət nəticəsində mümkün olub. Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında