Alfons HOERMANN: Bakıdakı yarışlar idmançıların öz güclərini sınaması üçün əla fürsətdir

Avropa iqtisadiyyatının “lokomotivi” sayılan Almaniya qitənin həm də ən müasir idman infrastrukturuna, eləcə də zəngin idman ənənələrinə malik olan dövlətlərindəndir. Bakıda keçiriləcək birinci Avropa Oyunlarında bu ölkənin ən güclü idmançıları ilə təmsil olunacağı gözlənilir. Dünən əməkdaşlarımız internet vasitəsilə Almaniya Olimpiya Komitəsinin (AOK) prezidenti Alfons Hoermannla əlaqə saxlayaraq eksklüziv müsahibə alıblar.

-Cənab Hoermann, sizcə, ilk Avropa Oyunlarının başlıca əhəmiyyəti nədir?

-  Bu,  təkcə  Azərbaycan üçün deyil, bütün qitə üçün mühüm əhəmiyyət kəsb edən geniş profilli idman hadisəsi, əslində, idman bayramıdır. Bu yarışlar Avropada idmanın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə yardım edə bilər. Biz almaniyalı təşkilatçılar, xüsusilə idmançılar bu yarışları səbirsizliklə gözləyirik.

-Almaniya idmançıları yarışlara  necə hazırlaşırlar?

-Almaniyanın, demək olar ki, bütün aparıcı idman federasiyaları 2016-cı il Rio-de-Janeyro Olimpiadasına hazırlıq çərçivəsində həlledici mərhələ hesab edilən birinci Avropa Oyunlarına böyük həvəslə qatılacaqlar. Yeri gəlmişkən, biz idmançılarımızdan ən yüksək nəticələr gözləyirik.

AOK rəhbərliyi Bakı Oyunları ərəfəsində hazırlıq işlərini daha da sürətləndirib. İdmançılarımız tezliklə Bakıya gələcəklər. Azərbaycan paytaxtında ecazkar və ədalətli idman mübarizəsinin şahidi olacağıma əminəm.

- Bakıdakı yarışların təşkilatçılarına, eləcə də idmançılara hansı tövsiyələriniz var?

-İdman hər şeydən öncə sağlamlıq və gözəllik yarışmasıdır. İdmançılar gənc, yeniyetmə insanlardır. Bu yarışlar həm də özünütəsdiqdir, ədalətli mübarizə yoludur. Təbii ki, hamı uğur, qələbə qazanmaq istəyir. Qoy ən güclülər, sonadək mübarizə aparmağı bacaranlar qələbə çalsınlar. Bütövlükdə, təbii ki, bütün iştirakçılara, eləcə də təşkilatçılara uğurlar arzulayıram.

Düşünürəm ki, bütün idmançılar Bakıdan vətənlərinə gözəl təəssüratlarla geri dönəcəklər. Bu ecazkar oyunlar idmançıların öz güclərini sınaqdan keçirmək üçün əla fürsətdir.

P.S. Yazı çapa hazırlanarkən məlum oldu ki, Almaniya Olimpiya Komitəsinin rəhbərliyi 2024-cü il Yay Olimpiya Oyunlarının Hamburq şəhərində keçirilməsi təşəbbüsü ilə çıxış etməyə hazırlaşır. Biz, öz növbəmizdə, Almaniyanın idman ictimaiyyətinə, təşkilatçılara bu məsələdə uğurlar arzulayırıq! 

Aida AYSA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında