Bütün yollar Avropanı Azərbaycana gətirir

İyunun 12-si – Bakıda birinci Avropa Oyunlarının təntənəli açılış mərasimi yaxınlaşdıqca müxtəlif kütləvi informasiya vasitələri öz ölkələrinin komandalarının tərkibinin müəyyənləşdirildiyini və onların Azərbaycan paytaxtına səfərə hazır olduqlarını bildirirlər.

Budur, Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsi özünün son iclasında yığmanın heyətini təsdiq etmişdir. Bakıda ilk Avropa Oyunlarının medalları uğrunda bu ölkənin 360 idmançısı mübarizə aparacaq. Onlar, demək olar, bütün növlərdə ən güclü atletlərlə təmsil olunacaqlar.

Bu arada Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov paytaxtımızın “Bakı-2015”-ə hazırlığı barədə növbəti dəfə yüksək fikir söyləyib: – Bakı Oyunlara tam hazırdır. Son vaxtlar Azərbaycan paytaxtında dəfələrlə olmuşam və inamla deyə bilərəm ki, Oyunların sahibləri təşkilatçılıq baxımından çox böyük iş görmüşlər. Başa düşmək lazımdır ki, Bakının hazırlıq üçün vaxtı çox deyildi, lakin hətta qısa müddət ərzində də Təşkilat Komitəsi bütün idmançılara, rəsmi nümayəndə heyətlərinə, qonaqlara, azarkeşlərə, jurnalistlərə maksimum dərəcədə rahat şərait yaratmaq üçün hər şeyi edib. Dövlət rəhbərliyi tərəfindən böyük kömək göstərilib. Bu yarışlar həqiqətən, Azərbaycan üçün ümummilli layihəyə çevrilib. Bu ölkədə Oyunların keçirilməsinə çox böyük məsuliyyətlə yanaşırlar. Əminəm  ki, hamı birinci Avropa Oyunlarından parlaq təəssürat alacaq.

İndi isə İspaniya Milli Olimpiya Komitəsinin saytına nəzər salaq. Bu ölkə də Azərbaycana kifayət qədər mötəbər komanda göndərəcək. Avropa Oyunlarının bir-birindən yaraşıqlı idman komplekslərində İspaniyanın 217 idmançısı medal qazanmağa çalışacaq. Onların 117-si kişi, 100-ü isə qadın atletlərdir. İspanlar Oyunların proqramına daxil olan 20 növdən 19-da ustalıqlarını nümayiş etdirəcəklər.

İtaliya yığmasının respublikamıza 295 idmançı ilə gələcəyi bildirilir. Heyətə 168 kişi və 127 qadın atlet daxildir. Azarkeşlər İtaliya idmanının nümayəndələrini badminton, avarçəkmə, velosiped idmanı, güləş, üzgüçülük, basketbol, su polosu, voleybol və bir sıra digər növlər üzrə yarışlarda görə biləcəklər.

Lüksemburqdan  alınan məlumata görə isə bu kiçik dövlət Oyunlarda 16 idmançı ilə təmsil olunacaq. Əvəzində onların siyahısında stolüstü tennis üzrə ikiqat dünya və üçqat Avropa çempionu Ni Nya Lian da vardır.

Belçikalı qadın cüdoçu Şarlin van Snik “Bakı-2015"-ə görə Mərakeşdə keçirilən World Masters turnirində iştirakdan imtina edib. Bu zaman o, öz qərarını belə izah edib: ”Bütün diqqətimi Avropa Oyunlarına yönəltmək istəyirəm".

Əgər qarşıdakı Oyunların əksər iştirakçıları ölkəmizə səfər ərəfəsindədirsə, artıq Bakıda sınaq turnirlərində çıxış edərək vətənlərinə qayıtdıqdan sonra yenidən Azərbaycana gəlməyə hazırlaşanlar da az deyil. Onlardan biri, apreldə Bakıda beynəlxalq turnirin iştirakçısı olmuş Serbiyanın basketbol (3x3) üzrə yığma komandasının üzvü Marko Saviç Oyunlara hazırlıq istiqamətində aparılan işlərdən aldığı təəssürat haqqında danışarkən belə deyib:

– Bakı gözəl şəhərdir. Mən gördüm ki, Avropa Oyunları üçün hazırlanmış bütün arenalar dünya standartlarına cavab verir. Azərbaycanda idmana yetirilən diqqət haqqında çox eşitmişəm. Oyunlar yaxınlaşdıqca şəhərin hər bir güşəsində həyəcan və maraq hiss olunur. Biz Avropa Oyunları kimi çox əhəmiyyətli bir yarışda azərbaycanlı idman həvəskarları qarşısında çıxış etməyimizlə qürur duyacağıq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında