Bakı Su İdmanı Sarayı gələcəyə doğru

Bakı Su İdmanı Mərkəzi gələcəyə doğru bir addım atdı. Belə ki, iyunun 12-də start götürəcək Avropa Oyunlarından öncə Bakıdan 20 gənc üzgüçü əsas yarış hovuzunda baş tutan ilk təlim-məşqdə iştirak etdilər.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, “Bakı-2015” üçün tikilən, dünya standartlarına cavab verən arena Avropa Oyunları zamanı üzgüçülük, suya tullanma və sinxron üzgüçülük yarışlarına ev sahibliyi edəcək. Oyunlardan sonra mərkəz ictimaiyyətin istifadəsi üçün açıq olacaq.

Bakı Su İdmanı Mərkəzinin şəhər sakinləri üçün faydasından danışan “Bakı-2015”-in idman şöbəsinin direktoru Pirs Okallahan deyib: “Bu məkanda azyaşlılar üçün təlim sessiyasının keçirilməsi xoşdur. Kompleksin tikilməsində əsas məqsəd onu Oyunlardan sonra sakinlərin istifadəsinə vermək idi. Bakı Su İdmanı Mərkəzi şəhər sakinlərinin faydalanması üçün Oyunlardan qalacaq həqiqi mirasın parlaq nümunəsidir. Hovuz Olimpiya standartlarına uyğun tikilib və onun üzgüçülüyün müxtəlif növləri üzrə Azərbaycan çempionlarının gələcək nəslinin yetişməsi üçün təlim mərkəzinə çevriləcəyinə əminəm”.

Gənc idmançılar yeni arenanı bəyəniblər. Avropa Oyunlarından sonra təlim keçəcəkləri arena ilə tanış olmaq, onu sınaqdan keçirə bilmək onların marağına və sevincinə səbəb olub.

Tədbir haqqında danışan Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanov isə bunları bildirib: “Bakı-2015” Avropa Oyunları Azərbaycan tarixinin ən böyük idman tədbiridir və bu, mənim üçün bir idmançı, məşqçi və Azərbaycan vətəndaşı kimi qürurverici bir haldır. İdman sağlam qalmaq, yeni dostlar qazanmaq, məşhur olmaq üçün ən yaxşı vasitədir. Oyunların daha çox azyaşlını idmanla məşğul olmağa cəlb edəcəyinə və gənc idmançıları növbəti uğurlar qazanmağa ruhlandıracağına ümid edirəm”.

“Bakı-2015”-in su idmanı növləri üzrə ulduz elçisi Murad Dadaşov tədbirə qatılaraq bu fikri bir daha təsdiq edib: “21 gün sonra bütün dünyanın diqqəti Azərbaycanda olacaq və bu, ölkəmizi nümayiş etdirmək üçün bizə ayrılmış vaxtdır. Bu, möhtəşəm festival olacaq və mən sizi tədbirdə iştirak etməyə və onun bir hissəsi olmağa dəvət edirəm. Mən ailəmlə birlikdə orada olacağam və idmançılarımızı dəstəkləyəcək, idman tamaşasından zövq alacağam. Su idmanı növləri üzrə yarışlara biletlər hələ də satışda var. Biletləri https://tickets.baku2015.com veb-səhifəsindən onlayn qaydada, yaxud 12 bilet satış məntəqəsinin birindən almaq mümkündür. Yenidən burada görüşənədək!”

6000 tamaşaçı tutumuna malik Bakı Su İdmanı Mərkəzi Avropa Oyunlarının Bayraq Meydanı qrupunda yerləşən yeddi arenasından biridir. Kompleks 800-dən çox idmançının su idmanının üç növü üzrə medal uğrunda mübarizə aparacağı 14 günlük yarışa ev sahibliyi edəcək.

Arena Azərbaycan Prezidentinin 30 avqust 2012-ci il tarixli sərəncamına əsasən inşa olunub. Mərkəzin təməlqoyma mərasimi isə 2013-cü il aprelin 19-da keçirilib. Mərkəzdə iki üzgüçülük və bir suya tullanma hovuzu var. Əsas və təlim hovuzlarının ölçüləri eynidir (50x25 metr) və Olimpiya standartlarına və tələblərinə cavab verir. Təlim hovuzu iki hissəyə ayrıla bilər və bir hissənin dərinliyi gənc üzgüçülər üçün uyğunlaşdırıla bilər.

Suya tullanma hovuzunun dərinliyi 5 metrdir və idmançıların yarışa hazırlıq otağı da daxil olmaqla suya tullanma üzrə təlim sessiyaları üçün mükəmməl avadanlıqlarla təchiz olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında