Avropada idman marafonu: Azərbaycan liderdir!

Çağdaş dünyada tərəqqi və tolerantlıq nümunəsi sayılan müstəqil Azərbaycan birinci Avropa Oyunları kimi geniş profilli böyük idman tədbirini uğurla həyata keçirməklə qitənin idman tarixində yeni, parlaq bir səhifə açmağa hazırlaşır. Əslində, bu möhtəşəm hadisə böyük idman bayramıdır, Azərbaycan xalqının ən yüksək bəşəri, humanist dəyərlərə sonsuz sevgi və sədaqətini bir daha nümayiş etdirir.

 Gənc, müasir Azərbaycan dövlətinin bu böyük missiyanın öhdəsindən uğurla gələcəyi, bu idman zəfərinin, öz növbəsində Avropa Oyunlarının sonrakı taleyi üçün parlaq nümunəyə, presedentə çevriləcəyi dünya ictimaiyyətində şübhə doğurmur. Belə əminlik ölkəmizin bu sahədəki zəngin təcrübəsinə əsaslanır. Lakin Azərbaycan dünənki uğurları ilə kifayətlənmir, bu gün yeni qələbələr qazanır, sabah yeni zəfərlərə imza atmağa tələsir!

Azərbaycanın uğurları Avropanın zəngin, necə deyərlər, oturuşmuş demokratik ənənələrə sahib olan dövlətlərini də bu böyük idman hərəkatına fəal qoşulmağa sövq edir. Bu günlərdə məlum olub ki, Azərbaycandan dörd il sonra, yəni 2019-cu ildə Avropa Oyunlarını öz ölkəsində keçirmək şərəfinə Niderland Krallığı da nail olub. Artıq 2023-cü il Oyunları üçün də iddiaçı dövlətlər var!

Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə, müvafiq dövlət və hökümət qurumları tərəfindən bu qlobal idman tədbirinə hazırlıq çərçivəsində görülən işlər öz sürətli həlli və miqyasına görə heyranlıq doğurur. Yeri gəlmişkən, bu günlərdə Avropa Olimpiya Komitəsinin informasiya  saytında “Cənab Hikki Azərbaycanı tərifləmişdir” (“Mister Hikkey praised Azerbaijan”) adlı yazıda AOK prezidentinin ölkəmizdə bu sahədə icra olunan ardıcıl, davamlı layihələr dərin razılıq hissi ilə vurğulanmışdır.

 Bəli, Azərbaycan qitədə başlanan keyfiyyətcə yeni idman hərəkatı-idman marafonunun lideridir!  Sirr deyil ki, hər bir sahədə, o cümlədən, qitənin idman tarixində birinci olmaq, yeni səhifə açmaq o qədər də asan iş deyil, hətta çox çətin və məsuliyyətlidir. Bunun üçün bir çox amillər zəruridir. Təbii ki, ən müasir idman infrastrukturuna, belə  nüfuzlu beynəlxalq tədbirlərin təşkili sahəsində zəngin təcrübəyə, yetərli maliyyə resurslarına və intellektual insan kapitalına, nəhayət, bütün bunları nizamlayan və səfərbər edən modern idarəetməyə sahib olmalısan.

 Yuxarıda sadaladığımız məqamların hər biri, eləcə də sonuncu məqam olduqca vacibdir. Məhz bu vacib amili nəzərə alaraq, Çexiya Respublikasının sabiq Baş naziri Yan Fişer bu il aprel ayının 28-29-da Üçüncü Qlobal Bakı Forumunda bu sətirlərin müəllifinə eksklüziv intervyu verərkən məxsusi vurğuladı ki, Azərbaycanın ictimai-siyasi həyatında, o cümlədən idman sahəsində baş verən böyük dəyişikliklərin əsasında çağdaş dünya siyasətinin ən xarizmatik liderlərindən biri olan Prezident İlham Əliyevin uğurlu idarəetmə üslubu dayanır.

 Bu gün dünya bizi həqiqətən olduğumuz kimi mədəni, savadlı, qonaqpərvər bir xalq kimi tanıyır. Yüksək intellektual və tolerant Azərbaycan Avropaya, əslində bütün dünyaya qucaq açır! Dünən bir xoş hadisənin şahidi oldum. Metronun “Ulduz” stansiyasında növbəti dayanacağın “Koroğlu” stansiyası olacağı elan ediləndə bir əcnəbi turist yanında əyləşmiş bir gənc Bakı sakinindən gözlənilmədən soruşdu:

– Zəhmət olmasa, deyin, Koroğlu kim olub?

Həmyerlimiz səlis ingilis dilində Koroğlunun Azərbaycanın milli folklor qəhrəmanlarından biri olduğunu dedi. Sonra bu sözləri əlavə etdi:

– Koroğlu sizin Robin Qud kimi yoxsulların dostu olub!

Robin Qudun adını eşidən turistin gözləri güldü, dilindən bir nida qopdu: “Okey, Yes, yes!!!”

Sonra həmin turistlə həmyerlimiz mehribancasına xeyli söhbət etdilər...

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında