Azərbaycanın idman uğurları rəsmi statistikada

“Bakı-2015” bizi yeni qələbələrə ruhlandırır

Son illər Azərbaycanda  idmanın inkişafına ciddi diqqət göstərilməsinin  nəticəsidir ki, artıq  ölkəmiz Avropanın idman mərkəzlərindən birinə çevrilib. 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında I Avropa Oyunlarının respublikamızda keçirilməsi barədə qərarın qəbul edilməsi buna əyani sübutdur.

Bu qərarın qəbul edilməsi Azərbaycanda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.

Azərbaycan idmançılarının  indiyədək  Olimpiya Oyunlarında qazandıqları uğurlar da  dövlətimizin idmana qayğısının bariz ifadəsidir. Faktlara nəzər salaq. Azərbaycan Olimpiya Oyunlarına ilk dəfə 1996-cı ildə qatılıb. Həmin Olimpiadada sərbəst güləşçimiz Namiq Abdullayev ölkəmizə ilk Olimpiya medalını bəxş edib. 2000-ci ildə isə Sidney Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanıb, 199 ölkə arasında 34-cü yerdə qərar tutublar. Olimpiya yığma komandamızın bu möhtəşəm yarışlarda Avropa ölkələri arasında 23-cü yerdə qərarlaşması idmanımızın böyük qələbəsi idi.

2004-cü ildə Afinada təşkil olunan Yay Olimpiya Oyunlarında millimiz 1 qızıl, 4 bürünc medal qazanaraq 202 dövlət arasında 37-ci yerə layiq görülüb. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarında isə idmançılarımız yeni rekord müəyyənləşdiriblər. Onlar Azərbaycana 1 qızıl, 2 gümüş və 4 bürünc medalla dönüblər.

London Yay Olimpiya Oyunlarında idmançılarımız 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar. Ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutub.

Rəsmi statistikaya əsaslanıb deyə bilərik ki, son on ildə Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman tədbiri yüksək səviyyədə keçirilib. İdmançılarımız 2013-cü ildə 82 təlm-məşq toplanışında, 148 beynəlxlq yarışda iştirak edərək 248 medal əldə ediblər. 2014-cü ildə isə bu göstəricilər aşağıdakı kimi olub: 88 təlim-məşq toplanışı, 165 beynəlxalq yarış, 250 medal.

Son 3 ay ərzində isə Azərbaycanda 23 ölkə yarışı, 8 beynəlxalq yarış təşkil edilib, yığma komandaların 129 üzvü 24 beynəlxalq yarışa və 18 təlim-məşq toplanışına ezam ediliblər. Yarışlarda Azərbaycan idmançıları 16 qızıl, 13 gümüş, 29 bürünc medal qazanıblar. Bütün bunlar isə idmançılarımızın I Avropa Oyunlarına ciddi hazırlaşmalarının bariz ifadəsidir.

Azərbaycanın növbəti illərdə də beynəlxalq yarışlara ev sahibliyi etməsi də məhz bu uğur amili ilə bağlıdır. Xatırladaq ki, bu il   şahmat üzrə dünya kuboku, gələn il şahmat üzrə olimpiada, “Formula-1" üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları respublikamızda reallaşacaq. Ümumiyyətlə, bütün bunlar   onu deməyə əsas verir ki, beynəlxalq toplantıların, yarışların yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanda hər cür şərait var. Bu da ölkəmizə hər yerdə başucalığı gətirir. Azərbaycanın qazandığı, əldə etdiyi nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, müstəqil və qətiyyətli siyasət nəticəsində reallaşmışıb. Ona görə də hər bir beynəlxalq idman yarışının Azərbaycanda keçirilməsi ölkəmiz üçün tamamilə yeni bir səhifə açır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında