Rusiya I Avropa Oyunlarına elçiləri seçdi

Rusiya rəsmi yığmasının üzvləri İlya Leonov, Andrey Buxlitski və Anton Şkarin birinci Avropa Oyunlarının çimərlik futbolu üzrə elçiləri seçiliblər.

Rusiya Çimərlik Futbolu Federasiyasının rəsmi saytında idmançılarla müsahibə yerləşdirilib. Hazırda Rusiya komandası, şəksiz ki, Avropada ən güclü komandadır. Odur ki, bu cür yüksək ad qazanan idmançılar öz təəssüratlarını bölüşüb,  Bakıda yarışların başlanmasını intizarla gözlədiklərindən danışıblar.

Andrey Buxlitskinin sözlərinə görə,  Avropa Oyunları çimərlik futbolu aləmində əlamətdar hadisədir. Bu Oyunlar ilk dəfə keçiriləcək və Rusiya komandası üçün yeni pillə olacaq. A.Buxlitski deyib: “Hələlik intizar içindəyəm, amma artıq başa düşürəm ki, bu,  bütün qonaqlar, azarkeşlər və idmançılar üçün möhtəşəm hadisə olacaq. Eyni zamanda, orada iştirak etmək bizim üçün böyük məsuliyyət və şərəfdir.

Hesab edirəm ki, Bakıdakı Oyunlar çimərlik futbolunun Olimpiya ailəsinə üzv olması üçün addımdır. Mən daxilən bilirəm ki, bu, Olimpiadada yer tutmağa layiq olan maraqlı və baxımlı idman növüdür. Mən və Mixail Lixaçov artıq bir dəfə Olimpiya hərəkatına qoşulmuşuq - Soçidə  Olimpiya məşəli estafeti zamanı məşəl aparmışıq. Onda məşəl aparırdıq, indi isə özümüz oynayacağıq! Bu isə qat-qat yaxşıdır.

İlya Leonov qeyd edib: “Bakının bu yarışlara necə hazırlaşdığını bilirik. Ölkə bununla yaşayır. Bu, təkcə Avropa üçün deyil, bəlkə də bütün dünya üçün möhtəşəm hadisə olacaq. Avropa Oyunlarının çimərlik futbolu üzrə elçiləri kimi idmanın bu növünü, ilk növbədə, Rusiyada, lazım gəlsə, bütün dünyada kütləviləşdirmək, onu təbliğ etməklə məşğul olmağımız bizi çox qürurlandırır və sevindirir. Çimərlik futbolunun populyar olduğu hər yerdə bizi tanıyırlar”.  Onun sözlərinə görə, Rusiya yığması artıq iki dəfə bu titulun sahibi olub. Odur ki, azarkeşlər  nə isə  yeni bir şey gözləyirlər.  İ.Leonov daha sonra deyib: “Birinci Avropa Oyunlarının qalibi olmağı çox istəyirik. Zənnimcə, bu, hətta dünya çempionatındakı qələbədən daha güclü əks-səda doğura bilər. Hər halda əminəm ki, Bakıda yarışların qalibi olsaq, onların hamısı çox sevinəcək. İndi Avropa Oyunları və dünya çempionatı bizim üçün prioritetdir. Bu turnirləri bütün dünya izləyəcək. Aydın məsələdir ki, biz oyunçular turnirləri əhəmiyyətli və əhəmiyyətsiz yarışlara ayırmırıq - biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Lakin indi bizə həyatımızda ilk dəfə Oyunlarda çıxış etmək şansı verilib. Hələlik Avropa Oyunları olsa da, bu, Olimpiya ailəsinə üzv olmağımız üçün ilk addımdır”.

Çimərlik futbolunu seçdiklərinə görə Avropa Oyunlarının təşkilatçılarına təşəkkür edən Anton Şkarin deyib: “Bizim idman növünü seçdiklərinə görə təşkilatçılara ”Çox sağ olun" deyirəm. Əminəm ki, onlar düzgün seçim ediblər. Çimərlik futbolu çox rəngarəng və maraqlıdır, stadionda  olanların hamısının xoşuna gələcək. Biz belə turnirdə ilk dəfə iştirak edəcəyik. Buna görə də yaxşıların yaxşısı olduğumuzu bir daha sübuta yetirmək üçün meydana ikiqat qələbə əzmi ilə çıxacağıq”.

A.Şkarin bütün rusiyalı azarkeşləri çimərlik futbolu yarışlarına dəvət edərək deyib: “Mən öz tərəfimdən çalışacağam ki, Avropa Oyunları elçisi adına layiq olum”.

Avropa Oyunlarının elçisi daha sonra deyib: “Bütün bunların necə görünəcəyi mənim üçün çox maraqlıdır. Eşitdiyim əhvalatlara, oxuduğum məqalələrə əsasən, Olimpiya hərəkatının nə demək olması barədə müəyyən təsəvvürüm var. Yenilik olacaq və mən bütün bunları  özüm hiss etmək istəyirəm. Ümumi medal hesabı olacaq. Biz başqa idmançılarla, müxtəlif idman  növlərinin nümayəndələri ilə bir yerdə yaşayacağıq. Hələ belə halla üzləşməmişik. Yalnız bu atmosferə daxil olandan sonra bunu hiss edə biləcəyik”.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında