Şriftin ölçüsü:
05.10.2010 07:35 | Oxunma sayı: 592
Azərbaycanın kişilərdən ibarət komandası 2008-ci ildə Almaniyanın Drezden şəhərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında 16 xalla 6-cı yeri tutmuşdusa, qadın şahmatçılarımız 13 xal toplayaraq finişə yalnız 31-ci çatmışdılar. Xantı-Mansiyskdə (Rusiya) yenicə başa çatmış 39-cu Olimpiadada isə kişi qrossmeysterlərimiz hətta birinci onluqdan da kənarda qalmış, qızlar isə irəliyə doğru çox böyük sıçrayış edərək 7-ci olmuş, üstəlik də bürünc mükafatçı Gürcüstan yığmasından yalnız əlavə göstəricilərə görə geri qalmışlar.
Zeynəb Məmmədyarova və rəfiqələri sonuncu turda vyetnamlı rəqiblərinə 2,5:1,5 hesabı ilə qalib gəlməklə kişi şahmatçılarımızın həmin ölkənin komandası ilə görüşdəki məğlubiyyətinin əvəzini də çıxmışlar. Bu matçda komandamızın müvəffəqiyyətini Zeynəbin və üçüncü taxtada Gülnar Məmmədovanın qələbələri təmin etmişdir. Nərgiz Umudova heç-heçə oynamış, Türkan Məmmədyarova isə uduzmuşdur.
Turun bütün matçlarına yekun vurulduqdan, əlavə göstəricilər hesablandıqdan sonra məlum olmuşdur ki, Azərbaycan komandası onun kimi 16 xal toplayan Gürcüstan, Kuba, ABŞ və Polşadan sonra yeddinci mövqedə qərar tutmuş və bu rəqiblərdən, o cümlədən bürünc medalların sahibləri Gürcüstan şahmatçılarından yalnız "topların fərqinə görə" geri qalmışdır. Gürcüstan isə Drezden Olimpiadasının çempionu olmuşdu.
Qadınların turnirində qızıl medalları böyük üstünlüklə Rusiyanın birinci komandası qazanmışdır - 22 xal. Gümüş mükafatçı Çin yığması çempiondan 4 xal geri qalmışdır. Birinci onluqda Azərbaycandan sonrakı üç yeri Bolqarıstan (16 xal), Drezden Olimpiadasının gümüş mükafatçısı Ukrayna və Rusiya 2 (hərəyə 15 xal) tutmuşlar.
Azərbaycanlı qızlar Olimpiadada keçirdikləri 11 matçdan 8-də qalib gəlmiş, 3-də uduzmuşlar. Bu qələbələr yığmamıza yekun cədvəlində yüksək yeddinci yeri təmin etməklə yanaşı, beynəlxalq şahmat dairələrində ona böyük hörmət qazandırmışdır.
Göründüyü kimi, komandamızın kapitanı Fikrət Sideifzadənin başçılıq etdiyi qadınlardan ibarət heyət - Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Nərgiz Umudova və Xəyalə İsgəndərova Ümumdünya Olimpiadasında Azərbaycanı layiqincə təmsil etmişlər. Burada onu da xatırlatmaq yerinə düşər ki, ötən ilin payızında Novi Sadda (Serbiya) keçirilmiş Avropa çempionatında dördüncü yeri tutan qadın komandamız onda da yalnız əlavə göstəricilərə görə bürünc mükafatçı Ukraynanı özündən irəli buraxıb, fəxri kürsüdən kənarda qalmışdı.
Bütün yarış ərzində bir dəfə də əvəz olunmayıb birinci taxtada 11 görüşün hamısında "meydana" çıxan Zeynəb Məmmədyarovanın məhsuldar oyununu xüsusi qeyd etmək lazımdır. Komandamızın lideri 9 xal toplayaraq bu göstəriciyə görə yalnız çinli Ju Venjundan (9,5 xal) geri qalıb Olimpiadanın bütün iştirakçıları arasında ikinci yeri tutmuşdur. Yarışların bağlanış mərasimində Məmmədyarovaya gümüş medal, Sideifzadəyə isə komandanın uğurlu çıxışına görə xüsusi mükafat təqdim olunmuşdur.
Azərbaycanın kişi şahmatçıları sonuncu matçda Rusiyanın üçüncü komandası ilə heç-heçə oynamışlar - 2:2. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov müvafiq surətdə Dmitri Yakovenko və Sergey Rublevski ilə görüşlərdə hərəyə yarım xal qazanmışlar, Teymur Rəcəbov ikinci masada Aleksandr Motılyova qalib gəlmiş, Eltac Səfərli isə sonuncu taxtada Aleksey Pridorojnıya uduzmuşdur.
Nəticədə yığmamız finişə 15 xalla çataraq yalnız 12-ci yeri tuta bilmişdir. Bu nəticə qrossmeysterlərimizin ustalığına və imkanlarına heç cür uyğun deyil.
Kişilərin yarışında 39-cu Olimpiadanın qızıl medallarını 19 xalla Ukrayna komandası qazanmışdır. İkinci yeri çempiondan 1 xal geri qalan Rusiyanın birinci heyəti tutmuş, bürünc mükafatlar isə israilli qrossmeysterlərə təqdim olunmuşdur - 17 xal. Macarıstan da İsraillə eyni miqdarda xal toplamış, lakin əlavə göstəricilərə görə dördüncü yerlə kifayətlənməli olmuşdur.
Növbəti, 40-cı Ümumdünya Şahmat Olimpiadası 2012-ci ildə İstanbulda keçiriləcəkdir.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.