Yunanıstan — Azərbaycan, Afina — Bakı

Bundan sonra nə qədər ki, yaşayacaq, nə qədər ki, bir an  belə dayanmayan idman aləmində baş verən hadisələri izləmək imkanımız olacaq, bu iki ölkəyə və onların baş şəhərlərinə beynəlxalq dairələrdə xüsusi bir hörmətin şahidi olacağıq.

Əgər tarixi hələ bir əsrdən də çox əvvəl, 1896-cı ildən hesablanan və 2016-cı ilin avqustunda otuz birinci dəfə starta çıxacaq Yay Olimpiya Oyunlarının vətəni Yunanıstan dünya idmanı tarixində özünə həmişəlik yer etmişdirsə, Azərbaycan da  Avropanın idman hərəkatına qızıl hərflərlə yazılacaq yeni bir ənənənin əsasını qoyan ölkə olması ilə daim qanuni iftixar hissi keçirəcək. Bu zaman qədim Afina və zəmanəmizin ən gözəl paytaxt şəhərlərindən biri kimi təkcə qitədə deyil, bütün dünyada diqqətləri özünə cəlb edən Bakı təbii ki, ilk növbədə yada düşəcək.

Heç də təsadüfi deyil ki, “Bakı-2015”in xarici ölkələrdə ilk təqdimat mərasimlərindən biri 2014-cü ilin sentyabr ayında, Bakıda Avropa Oyunlarının açılışına hələ doqquz ay qalmış Afinanın “Akropol” muzeyində keçirilmişdir. Hələ onda Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spiros Kapralos Avropa tarixində baş tutacaq bu oyunlara hazırlığın yüksək səviyyədə getdiyini bildirərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında Avropa Oyunlarının Təşkilat Komitəsinin gərgin işlədiyini və bu prosesə Prezident İlham Əliyevin güclü dəstək verdiyini xüsusi qeyd edərək, onu da vurğulamışdı ki, bütün Avropa kimi, Yunanıstanda da oyunları həvəslə gözləyirlər.

Cənab Kapralosun başçılıq edəcəyi müasir Olimpiya Oyunları vətəninin idman nümayəndə heyəti Avropa Oyunlarının ilk səhifələrini yazmağa hazırlaşan Azərbaycana səfər ərəfəsindədir. Olimpiya Oyunlarına təşkilatçılıq etmiş ölkələrin siyahısında birinci yerdə dayanan Yunanıstan təmsilçiləri qitəmizin idman hərəkatında tamamilə yeni bir mərhələ olan Avropa Oyunlarında yollarına Azərbaycandan, Bakıdan başlayacaqlar. Bunun özü də dərin rəmzi məna daşıyır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında