“Tour d’Azerbaidjan-2015”də uğurlu start

Dünən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2015" beynəlxalq veloyürüşü start götürüb. 5 günlük yarışda planetin 24 ölkəsini təmsil edən 25 komanda mübarizə aparır.

Nüfuzlu yarışın ilk mərhələsi Azərbaycanın “Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Belə ki, ölkəmizin “Elit” yığma komandasının da şərəfini qoruyan Elçin Əsədov Dövlət Bayrağı Meydanından start götürən 154 kilometrdən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızı rəngli “AZAL” köynəyini əldə edib.

Mərhələ qalibinə gəlincə, Sloveniyanın “Adria-Mobil” komandasının üzvü Marko Kump 3 saat, 36 dəqiqə, 59 saniyə nəticə ilə məsafəni hamıdan tez qət edib və bununla da mərhələ qalibinə verilən mavi rəngli “Synergy” köynəyinə sahib olub. İtaliyanın “Androni Giocattoli” komandasının üzvü Françesko Kiki, həmçinin Azərbaycanın “Synergy Baku” və “Elit” yığma komandasının üzvü Maksim Averin isə liderdən cüzi fərqlə geri qalmaqla müvafiq olaraq 2-3-cü yerləri tutublar. Mərhələ qalibi olmuş Marku Kump ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyini də ələ keçirib. Yaşı 23-ə qədər olan velosipedçilərin mübarizəsində isə Belarusun “Minsk” komandasının üzvü Vladimir Harakavik fərqlənməklə bənövşəyi rəngli “Ataholding” köynəyinə yiyələnib.

Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim ediblər. 3-cü olan Maksim Averini isə atası, Azərbaycan velosiped məktəbinin yetirməsi, 1978-ci il Dünya Turunun qalibi Aleksandr Averin təltif edib.

“Komanda yoldaşlarıma təşəkkür edirəm. Əvvəldən də planımız belə idi, mən və ya digər komanda yoldaşım dağ mərhələsinin qalibi olsun”. Bu sözləri mərhələnin ən yaxşı dağ velosipedçisi, “Synergy Baku”nun üzvü Elçin Əsədov deyib. Onun sözlərinə görə, komandanın taktikasına əsasən, Maksim Averinin də ilk üçlüyə düşməsi əvvəlcədən planlaşdırılmışdı.

Mərhələni 3-cü pillədə bitirən Maksim Averin isə hisslərini bu cür bölüşüb: “Hədəfimizə çatdıq. Fəxri kürsüyə qalxıb mükafatçı olmağı bacardıq. Komanda yoldaşlarıma təşəkkür edirəm”.

İlk mərhələdən sonra “Synergy Baku” komanda hesabında 2-ci yerdədir. Sabah “Tour d’Azerbaidjan-2015" veloyürüşün 2-ci mərhələsinin startı saat 10:30-da Veloparkdan veriləcək. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar. Qeyd edək ki, ”Tour d’Azerbaidjan-2015" veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları da toplayırlar.

V.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında