İdman xəbərləri

Finişdə kimin üzü güləcək?
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən və artıq finişin astanasında olan 39-cu Ümumdünya Şahmat Olimpiadasının 9-cu turu Azərbaycan komandalarının fərqli nəticələri ilə yadda qalacaq. Əgər kişi qrossmeysterlərimizin Ukrayna ilə matçda məğlubiyyəti onları hətta bürünc medallar uğrunda mübarizədə çox mürəkkəb vəziyyətə salmışdırsa, qadın şahmatçılarımız Litva ilə görüşdə qələbə sayəsində turnir cədvəlində daha 11 pillə irəliləyərək 25-ci yerdən 14-cü mövqeyə yüksəlmişlər.
Azərbaycan-Ukrayna-1,5: 2,5. Yığmamızın lideri Şəhriyar Məmmədyarov buna qədər yeddi oyunda əla nəticə göstərib 6,5 xal toplayan Vasili İvançuku məğlubiyyətə uğratmaqla onun zəfər yürüşünü inamla dayandırmışdır. Təəssüf ki, komanda yoldaşlarının uğursuzluğu bu qələbəyə müəyyən dərəcədə xələl gətirmişdir. Teymur Rəcəbov Ruslan Ponomaryovla heç-heçəyə razılaşsa da, Rauf Məmmədovla Eltac Səfərli üçüncü-dördüncü taxtalarda müvafiq surətdə Pavel Elyanov və Zaxar Yefimenkoya uduzmuşlar.
Daha bir neçə matçın nəticələri: Ermənistan-Rusiya 1 -1,5:2,5, Gürcüstan-Fransa-1,5:2,5, İsrail-Macarıstan-2,5:1,5, Kuba-Çin-1,5:2,5, Bolqarıstan-ABŞ - 1,5:2,5, Hindistan-Polşa-1:3.
Doqquz turdan sonra əvvəlkitək Ukrayna vahid lider idi - 16 xal. Rusiya və Fransa komandaları 15, İsrail, Çin və ABŞ 14 xal toplamışdılar. On ölkənin, o cümlədən, Azərbaycanın 13 xalı var idi.
Azərbaycan-Litva-3,5:0,5. Şəhriyar kimi onun bacıları Zeynəb və Türkan da həmin gün öz görüşlərindən qalib ayrılmışlar. Məmmədyarovalar ilk iki masada fərqlənmişlər. Dördüncü taxtada çıxış edən Nərgiz Umudova da onlardan geri qalmamışdır. Təkcə Gülnar Məmmədova üçüncü taxtada yarım xalla kifayətlənmişdir.
Bu qələbədən sonra turnir cədvəlinin 14-cü pilləsində qərar tutan Azərbaycan komandasının 12 xalı var idi və onu 14 xalla ikinci-altıncı yerləri bölüşdürən Çin, Ukrayna, Gürcüstan, Hindistan və Bolqarıstandan 2 xal ayırırdı. Rusiyanın birinci komandası isə xal ehtiyatını 18-ə çatdırıb qızıl medalları, demək olar, özünə təmin etmişdi.
Dünən keçirilən 10-cu turda kişi şahmatçılarımız italiyalı rəqibləri ilə görüşmüşlər, qadın komandamızın isə rəqibi Macarıstan yığması olmuşdur.
Bu gün Olimpiadada istirahət günüdür. Çempion, habelə gümüş və bürünc medalların sahibləri sabaha təyin edilmiş 11-ci turdan sonra məlum olacaq. Görək finişdə kimin üzü güləcək.
* * *
Azərbaycan-İtaliya-2:2
Azərbaycan-Macarıstan-3:1

{nl}

Avropa birinciliyinin azərbaycanlı qalibləri
Azərbaycan şahmat məktəbinin gənc yetirmələri Gürcüstanın Batumi şəhərində yenicə başa çatmış 8-18 yaşlı oğlan və qızlar arasında Avropa birinciliyində inamla çıxış etmişlər. Yarışların bağlanış mərasimində təmsilçilərimizə 3 qızıl və 1 bürünc medal təqdim olunmuşdur.
Abdulla Qədimbəyli 8 yaşlı oğlanların turnirində bütün rəqiblərini geridə qoymuşdur. Avropa çempionu 9 mümkün xaldan 8 xal toplamışdır.
Ülviyyə Fətəliyeva 14 yaşlı qızların yarışında fərqlənmişdir. Üstəlik də o, ikinci mükafatçı rusiyalı Anna Styajkinanı düz 1 xal qabaqlamışdır. Azərbaycan şahmatçısı finişə 7,5 xalla çatmışdır.
Yeniyetmələrin qitə birinciliyində ən mötəbər turnir hesab edilən 18 yaşlıların yarışında ən yaxşı nəticəyə Vasif Durarbəyli nail olmuşdur - 8 xal. O da Gürcüstandan Azərbaycana qızıl medalla qayıtmışdır.
Bu yaş qrupunda qızların çempionatında Xəyalə Abdulla 6,5 xalla bürünc mükafatçı olmuşdur. Müvafiq surətdə ikinci və dördüncü yerləri tutan Klaudia Kulon (Polşa) və Nərmin Kazımova da Xəyalə ilə eyni nəticə göstərmişlər. Əlavə göstəricilərə görə gümüş medalı polşalı qazanmışdır. Gürcüstanlı qalib Keti Tsatsalaşvili isə qızıl mükafata 7 xalla sahib olmuşdur.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında