Öz tarixinin ilk səhifələrini 2015-ci il iyunun 12-də Bakı Olimpiya Stadionunda yazmağa hazırlaşan Avropa Oyunlarının bu möhtəşəm arenada açılış mərasimi yaxınlaşdıqca qəlblərimiz riqqətə gəlir, sanki qitəmizin idman hərəkatında ən böyük idman bayramının şahidi olmaq üçün metronun “Koroğlu” stansiyasının beş-on addımlığında yerləşən və çoxlarının həsəd apara biləcəyi super stadiona tələsirik.
Stadionun ərazisində fasiləsiz surətdə, mütəşəkkiliklə aparılan abadlıq-quruculuq işləri bir an belə ara vermir, günbəgün də deyil, saatbasaat nə isə bir ürəkaçan, göz oxşayan yeniliyə sevinirsən. Bu zaman bir daha əmin olur və qürur duyursan ki, sınaq və şöhrət meydanı olacaq Avropa Oyunlarında Azərbaycan artıq ilk və çox böyük uğurunu qazanmışdır.
Bunun məhz belə olacağına isə ölkəmizdə şəkk-şübhə yox idi. Xalqımızda bu əminliyi dövlət başçımız İlham Əliyev yaratmışdır. Avropa Olimpiya Komitəsinin 2012-ci il dekabrın 8-də keçirilmiş Baş Assambleyasında ilk Avropa Oyunlarının Azərbaycanda təşkili haqqında qərar qəbul edildikdən iki gün sonra, dekabrın 10-da cənab Prezident bu münasibətlə Azərbaycan xalqına təbrikində demişdi: – Bir daha demək istəyirəm ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar böyük tarixi hadisədir. Bu, bizə göstərilən böyük inamdır, böyük etimaddır, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik.
Dövlətimizin lideri İlham Əliyevin rəhbərliyi ilə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsinin gərgin və məqsədyönlü fəaliyyəti sayəsində yüksək səviyyədə həyata keçirilən hazırlıq işləri, demək olar, başa çatmışdır. Bakı 49 ölkənin 6 mindən çox idmançısını, nümayəndə heyətlərinin bütün üzvlərini, fəxri qonaqları qəbul etməyə hazırdır. İndi qalır qarşıdakı bir ay yarımda xırda-para son işləri də yerinə yetirib təməli Azərbaycan futbolunun 100 yaşının tamam olduğu günlərdə-2011-ci il iyunun 6-da qoyulmuş Olimpiya Stadionunda tarixdə ilk Avropa Oyunlarının açılış mərasimini gözləmək.
Hələlik isə oyunların medalları uğrunda mübarizə aparacaq komandalar məsul yarışlara hazırlığın həlledici mərhələsinə qədəm qoymuşlar. Bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlanacaq kişilərdən ibarət komandalar arasında basketbol (3x3 formatında) üzrə beynəlxalq turnir də yığmamız üçün Avropa Oyunları ərəfəsində qüvvələrə baxış xarakteri daşıyır. Turnirdə Azərbaycanın basketbol ustalarının qonaqları Ukrayna, Rumıniya, Gürcüstan və Serbiya komandalarıdır. Şübhəsiz, bu yarış məşqçilərimizə öz yetirmələrinin hazırlıq səviyyəsini müəyyənləşdirməkdə kömək edəcək. Oyunlarda isə basketbol görüşləri iyunun 23-dən 26-dək keçirləcəkdir.
Mayın 8-dən 10-dək paytaxtmızda izləyəcəyimiz daha bir yarış, cüdo üzrə “Böyük dəbilqə” turniri də işirakçıların tərkibinə görə çox mötəbər olacaq. Onun mükafatları uğrunda 50-dən artıq ölkənin tatami ustaları mübarizə aparacaqlar.
Turnirdə idman həvəskarlarımız həmyerliləri ilə yanaşı ABŞ, Avstraliya, Yaponiya, Belçika, Kolumbiya və bir çox başqa ölkənin 450 nəfərə qədər kişi və qadın cüdoçusunun ustalığını qiymətləndirmək imkanı tapacaqlar.
Avropa Cüdo İttifaqı artıq Avropa Oyunlarında bu növ üzrə yarışlarda çıxış etmək hüququ qazanmış idmançıların siyahısını dərc etdirmişdir. Siyahıda Azərbaycanın 18 cüdoçusunun da adı var. Onların hər biri doğma azarkeşlər qarşısında ilk Avropa Oyunlarının fəxri kürsüsünə yüksəlmək, medal sevinci yaşamaq əzmindədir. Oyunların cüdo turniri iyunun 25-də starta çıxıb 28-də finişə çatacaq.
Qitəmizin idmançılarının tarixdə ilk ən böyük bayramı yaxınlaşdıqca iştirakçı ölkələrin komandalarının heyətləri də dəqiq məlum olur. Bu günlər alınan məlumatlara görə Böyük Britaniya Bakıda 153 idmançı ilə təmsil olunacaq. Onlar suyatulanma, üzgüçülük, su polosu, kamandan oxatma, çimərlik voleybolu, avarçəkmə, qılıncoynatma, cüdo və bir sıra başqa növlərdə starta çıxacaqlar.
Almaniya isə Azərbaycana daha mötəbər komanda-267 idmançı göndərəcək. Almanlar Bakıda Avropa Oyunları proqramına daxil olan 20 növdən 16-da çıxış edəcəklər.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.